Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Nizami bəy, hazırda bir alim kimi hansı mövzular üzərində işləyirsiniz? Dilçiliklə bağlı tədqiqatlarınız nə yerdədir?

- Son vaxtlar əlifba, türk dillərinin tarixi, türk dillərinin bir-birinə yaxınlaşması, eləcə də Azərbaycan dilinin və ədəbiyyatının tarixi kimi məsələlər üzərində işləyirəm. Bu sahələrdə indiyə qədər xeyli qanunauyğunluqlar tapılıb, ancaq boş sözlər də az olmayıb. Ümumi, bəzəkli-düzəkli sözlər də deyilib.

Keçən əsrin sonlarından humanitar elmlərə - dilçiliyə, ədəbiyyatşünaslığa, tarixşünaslığa dəqiq elmlərin metodları tətbiq olunur. Dəqiq elmlərin metodları humanitar elmləri yavaş-yavaş konkretləşdirir. Bunlar isə yalnız pafosla kifayətlənməyə imkan vermir. Gərək məntiq də olsun. Məntiq gündəmə gələndə riyazi modelləşmələr güclənir. Mən daha çox bu istiqamətdə çalışıram.

Hazırda Bakı Dövlət Universitetində və Azərbaycan Diplomatik Akademiyasında (ADA) işləyirəm. Çalışıram ki, bizim gənc nəsil mövzuları təkcə elm olaraq araşdırıb, öyrənib müəyyən prinsipləri müəyyənləşdirməsinlər. Gəncləri elə istiqamətdə öyrədək ki, yeni enerjili elmi axın yaransın. Əvvəlki ədəbiyyatşünaslar, dilçilər kimi olmasınlar. Daha çox müsair metodlarla işləsinlər.

- Bir müddət öncə Ortaq Türk Əlifbasının yaradıldığı elan edildi, cəmiyyət tərəfindən də maraqla qarşılandı. Sonrakı mərhələdə ortaq türk dilinin formalaşdırılması nəzərdə tutulurmu?

- İndi bütün türk dillərinin müqayisəli araşdırması gedir. Bu, çoxdan başlayıb. Ancaq indiki müqayisələrin miqyası genişlənib. Əvvəllər biz inteqrasiyadan danışa bilmirdik. Türkiyə ayrı bir dövlətdi, SSR-nin tərkibindəki türk xalqlarının bir-biriləriylə, dünya ilə kontaktları ya yox idi, ya da zəif idi. Sovet ideologiyası buna imkan vermirdi. İndi imkanlar açılıb, kontaktlar yaranıb.

Bəzən səhv təsəvvür yaranır ki, get-gedə türk dilləri birləşəcək. Belə bir söhbət yoxdur. Dillərin yaşamaq üsulu onların bir-birindən ayrılmasıdır, bu mənada dillər birləşmir. Ancaq biz türk dillərindən birini ortaq ünsiyyət vasitəsi kimi işlədə bilərik. Bu gün bu rolu Türkiyə türkçəsi oynayır. Digər türk dilləri də bu funkisyada ona kömək etməlidir. Bunun üçün müəyyən texniki imkanlar lazımdır.

Biz elə etməliyik ki, türk xalqları bir-birinin yazısını oxuya bilsin. Bizim hamımızın dilində olan eyni səslərlə, eyni hərflərlə ifadə olunsun. Ümumi əlifbanın yaradılmasınıın birinci şərti budur. “A” səsi bütün türk dillərində varsa, hamısında eyni işarə olunmaldır. Daha biri bir formada, o biri başqa formada yazmasın. Əlifbada eyni səsləri eyni işarələrlə göstərməklə sözləri hərə öz dilində yazsın. İndi o əlifbanın üzərində iş prosesi gedir.

Hələlik qazaxlar, qırğızlar bu əlifbaya keçmək üzrədirlər. Özbəklərdə fərqli hərflər var. Onlar razılaşdılar ki, dəyişib Azərbaycan, Türkiyə, Türkmən əlifbalarında olan işarələri götürsünlər. Fərqli işarələrimiz var. Bizdə və Türkiyə türkçəsində dəyişikliyə əsas yoxdur. Türkiyə ilə bizim aramızda “q” səsinin işarə olunmasında fərq var. Bunu da yəqin ki, biz həll edəcəyik.

Qazax və qırğızlar bu əlifbaya keçəcəklər. Sonra biz uyğunlaşma məsələsini davam etdirəcəyik. Bu mərhələdə müstəqil dövləti olan türk xalqlarının dillərinin yeni əlifbaya keçidindən söhbət gedir. Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanı nəzərdə tuturam, amma 25 türk xalqı var. Tatar, başqırd, kumuk, qaraqalpaq, uyğur, Cənubi Azərbaycan türkləri - bunlarda da latın əlifbasına keçid baş verməlidir.

İkinci mərhələdə gəlir terminologiya və söz məsələsi. Bizim həm də ortaq sözlərimiz var. Bütün türk dillərindəki sözləri ümumiləşdirmək bizim üçün əsasdır. Həmin ortaq leksikonumuza, bir də beynəlmiləl sözlərə əsaslanaraq ortaqlığı təmin etməliyik. Bu, bir-birindən fərqli istinad nöqtələrimizdir.

Qeyd elədiyim istiqamətlərdə iş gedir, müqayisəli lüğətlər hazırlanır. Bu lüğətlər qarşılıqlı əlaqələri təmin edəcək.

- Əvvəllər Türkiyə türkçəsindən sözlərin istifadəsi əsasən gənclər arasında yayılmışdısa, artıq orta nəslin də türkçə sözlərdən yararlandığı müşahidə olunur. Sıx-sıx istifadə olunan bu cür sözlər dilimizdə qala bilərmi?

- Türk dillərinin bir-biriləri ilə əlaqələri get-gedə güclənir. Türk dünyasında inteqrasiya prosesləri gedir. İctimai fikirdə, həyat tərzində yaxınlaşma qaçılmazdı. Əlaqələr daha da güclənəcək, xüsusən Türkiyə ilə. Çünki biz yanlız qardaş yox, həm də qonuşu ölkəyik. Bu fonda sözlərin dillərdən bir-biinə keçməsi labüddü.

Ancaq bu sözlər iki səviyyədə keçə bilər. Əgər ehtiyac yaranarsa, Azərbaycan dilindən türk dilinə, türk dilindən Azərbaycan dilinə lazım olan müəyyən sözlərin keçməsi gözlənilinir. Söz yerində deyilsə və ya ərəb-fars sözüdürsə, bu baş verə bilər. Məsələn dövr, mərhələ, etap əvəzinə dönəm sözü niyə işlənməsin?

Elə sözlər də var ki, qalıcı deyil. Məsələn , “zatən” sözünün işlənməsi üslubidir. Bu sözün dilimizdə yeri o qədər də möhkən ola bilməz. Üslubi cəhət kimi hansısa məqamda, effekt ifadə etmək üçün deyib-yazması mümkündür. Bu cür çoxlu sözlər var.

Məsələn, biz deyirik, “dərhal getdi”, Türkiyə türkçəsində “hemen getdi” deyilir. Mən inanmıram ki, bunlar dildə sabitləşəcək. Bu kimi sözlər təsadüfən işlənəcək. Elə sözlər də var ki, onlar ilə daxil olub qalacaq.

- Qarşılıqlı inteqrasiyanın gücləndiyini qeyd etdiniz. Bəs, Azərbaycan dilindən Türkiyə türkçəsinə sözlərin keçməsi mümkündür?

- Bəli, bu, artıq Türkiyə türkçəsində müşahidə olunur. Son zamanlar Azərbaycan dilindən müəyyən sözlər türkcəyə keçir. Türk dillərində açar, açqı sözləri var. Türkiyə türkçəsində isə anahtar işlənir, halbuki bu sözün heç bir uyğunluğu yoxdur. Türkiyə türkçəsinə açar sözünün keçməsi mümkündür.

Türkiyənin Şərqi Anadolu hissəsində yaşayan azərbaycanlıların dialektlərinin işlənmə intensivliyi güclənir. Şərqi Anadolu xalqının dili də Türkiyə türçəsinin ədəbi dilinə təsir göstərəməyə başlayır. Bu proseslər gedəcək. Dilimizin ehtiyacı olan sözləri alacağıq. Müəyyən üslubi sferada bəzi sözlər gah üzdə olacaq, gah batacaq.

Söz kontakları çox əhəmiyyətlidir. Türkiyə türkçəsinə başqa türk dillərindən, o cümlədən Azərbaycan dilindən cümlə quruluşlarının da keçməsi ehtimalı var. Çünki Türkiyə türkçəsində sadə cümlələr, feili tərkibli cümlələr üstünlük təşkil edir. Azərbaycan dilində isə çox zəngin mürəkkəb cümlə sistemi var. Cümlə sistemimizin Türkiyə türkçəsinə keçməsinə ehtiyac hiss olunur.

- Nitqimizdə rus sözləri hələ də yer alır. Bu sözlərə Azərbaycan dilində qarşılıqlar tapılsa da, onlar uğursuz hesab edilir. Siz necə düşünürsünüz?

- Xeyr, həmin sözlər dilimizdə qalmayacaq. Çünki onlar o qədər də effekt doğurmur. Həmin sözlərin yerinə ümumi türk dünyası miqyasında normal sözlər tapacağıq, ya da beynəlmiləl sözlərdən yararlanacağıq.

İngilis dilindən dilimizə sözlərin gəlməsi ehtimalı çoxdur. Beynəlxalq terminlər üçün Azərbaycan dili də, digər türk dilləri də daim açıqdır. Beynəlxalq terminlərin dilə qoşulmasının qarşısını almağa ehtiyac yoxdur.

Hazırda doğma dil - türk dili mühiti yaranır. Bu mühitdə biz dilimizi bir az rahat hiss edə bilirik. Yazıçılarımız, şairlərimiz, alimlərimiz, hətta sadə insanlarımız çox ciddi söz yaratmaq qabiliyyətinə malikdirlər. Bu, xalqın təbiətidir. Xarici alınmalar da müəyyən mənada bizə dəstək olacaq. Çünki alınma söz fərqli anlamda özünü gpstrən kimi biz qarşılıq axtaracağıq.

Qarşılığı tapmasaq, beynəlmiləl söz işlənəcək. Tapsaq, hər iki söz paralel mövcud olacaq. Axtarışımız davam edəcək, bu isə bizə söz yaradıcılığında kömək olacaq. Bu, dil yaradıcılığı hadisəsidir.