
"Bakıda olan ATƏT-in Minsk qrupu həmsədrləri ilə hələ görüşümüz olmayıb".
Bu fikirləri Teleqraf.com-un əməkdaşına açıqlamasında "Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin sədri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib.
Onun sözlərinə görə, hələ ki həmsədrlərlə belə bir görüşün keçirilməsi nəzərdə tutulmayıb: "Amma onların görüşmək niyyəti olsa, biz məmnuniyyətlə bir araya gələ bilərik. Onların görüşmək istəyini əvvəlcədən bilmirik. Nə vaxt istəyərlərsə, onda da görüş baş tutur".
B.Səfərov deyib ki, həmsədrlərlə görüş baş tutarsa, ilk növbədə Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycan tərəfinə tətbiq edilən ikili standartlar məsələsinə diqqət çəkiləcək:" Eyni zamanda kəlbəcərli girovlarımızın geri qaytarılması, o cümlədən ermənilər tərəfindən onlara qarşı təzyiqlər məsələsinə aydınlıq gətirilməsi məsələsini qaldıracağıq. Həmçinin Minsk qrupunun həmsədrlərinin 2015-ci ildə münaqişənin nizamlanması ilə bağlı hansı addımlar atacağı, nə kimi fəaliyyət proqramları olduğuna dair fikir mübadiləsi aparılacaq".
Bəxtiyar