Bu gün Azərbaycan İstiqlal Muzeyinin ekspozisiyasında 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunan “Həyatın və ölümün dərsləri” adlı tədbir-sərginin açılışı olub.

Teleqraf.com xəbər verir ki, tədbirdə faciə şəhidlərinin ailə üzvləri, ADMİU-nun tələbələri, Milli Qvardiyanın əsgərləri, Sərhəd Qoşunlarının şəxsi heyəti və digər qonaqlar iştirak edib.

Tədbirdə çıxış edən İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi 20 Yanvar faciəsinin hər il muzeydə yad edildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu il də muzey faciənin qurbanlarını yad edərək “Həyatın və ölümün dərsləri” sərgisini təşkil edib: “Bu gün sərgidə həmin gün şəhid olan 8 nəfərin əşyaları sərgilənəcək. Biz belə sərgilər zamanı şəhid olan insanların qohumları ilə əlaqə yaradıb, əşyaları, onları əks etdirən eksponatları istəyirik. İstiqlal muzeyinin əsas vəzifələrindən biri gənclərlə işləyib, onları muzeyə cəlb etməkdir. Bu məqsədlə biz təhsil ocaqlarına, müxtəlif gənclər təşkilatlarına müraciət edirik. Bu dəfə də biz Mədəniyyət və İncəsənət Universitetinə müraciət etmişik”.

Daha sonra 20 Yanvar faciəsinin şəhidləri Ülvi Bünyadzadənin bibisi Almaz Binnətova, Ələsgər Qaibovun qohumu Salman Novruzlu çıxış ediblər. S.Novruzlu bildirib ki, Ələsgər öz həmyaşıdları ilə toplaşıb həmin gün xalqı rus qoşunlarından xilas etməyə çalışıb.

Tədbirdə əməkdar artist Mahirə Yaqubovanın rejissorluğu ilə hazırlanan həmin universitetin tələbələrinin iştirakı ilə 20 Yanvar faciəsinə həsr olunan kompozisiya nümayiş olunub, əməkdar artistlər Ağalar Bayramov və Teyyub Aslanın ifalarında şeir və muğam səslənib.

Qeyd edək ki, tədbir Azərbaycan Respublikası Prezident Administrasiyası rəhbərinin Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin iyirmi beşinci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”na əsasən təşkil olunub.

Nərmin

Foto: Elçin Murad