İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi xaricdə tibbi təhsil alan tələbələrin Azərbaycanda işlə təminatı ilə bağlı xüsusi proqramın icrasına başlayıb.

Teleqraf.com xəbər verir ki, bunu bu gün Cəlilabad rayon Mərkəzi Xəstəxanasına təşkil edilən mediatur zamanı Agentliyin planlama departamentinin rəhbəri Hikmət İbrahimli deyib.

O bildirib ki, agentlik “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2022-2023-cü illər üçün Proqramın icrasını davam etdirir:"Bununla bağlı agentlikdə xüsusi komissiya yaradılıb. Həmin komissiya xaricdə təhsil alan uzmanların qəbuluna başlayıb. Artıq bu günə qədər komissiya 52 nəfər uzman həkimi qəbul edib və xəstəxanalarda işlə təmin edib. Agentlik həmin uzmanların ilk olaraq sosial problemlərinin həlli üçün maddi təminatını yaxşılaşdırmaqla çalışır. Bu məqsədlə həmin uzmanlara konkret maaş da təyin edilib. Həmin şəxslərdən tepərapevtik sahə üzrə olan uzmanlara 5 min manat, cərrahi sahə üzrə olanlara isə 6 min manat maaş təyin edilib. Qəbul edilən uzmanlar təkcə Bakı şəhəri üzrə deyil, bölgələrə də təyin edilib. Uzmanların özlərinin istəyi ilə onlar bölgə xəstəxanalarına göndərilib".

Aynurə Əhmədova bildirib ki, məqsəd həkimləri uyğun əməkhaqqı ilə təmin etmək, fəaliyyətlərini qiymətləndirmək və peşəkarlığın yüksəlməsinə maraqlarını artırmaqdır. "Əməkhaqqı artımı ilə bağlı müvafiq qaydaya 5 dəfədən çox dəyişiklik olunub. İcbari tibbi sığortanın tətbiqindən sonra həkimlərə aylıq sabit və işin nəticələrinə görə həvəsləndirici əlavələrin verilməsinə başlanılıb. Belə ki, ötən ildən 40-a yaxın ixtisas üzrə çalışan həkimlərin aylıq sabit həvəsləndirici əlavələri artırılaraq vəzifə (tarif) maaşı əlavələrlə birlikdə minimum 1000 manat təşkil edib.

Bundan əlavə həkimlərə işin nəticələrinə görə həvəsləndirici əlavələr verilir. Cəlilabad RMX-də 2021-ci ildə işin nəticələrinə görə həvəsləndirici əlavələrin məbləği ortalama 650 manat olmuşdusa, 2022-ci ildə bu rəqəm 970-ə qədər yüksəlmişdir. Az öncə də qeyd etdiyim kimi həkim bu əlavədən başqa aylıq vəzifə (tarif) maaşı və aylıq sabit həvəsləndirici əlavə də alır.

Hətta qeyd edə bilərəm ki, işin nəticələrinə görə hesablanmış həvəsləndirici əlavələrin məbləğinin 2021-ci ildə 4000 manatı, 2022-ci ildə isə 6000 manatı keçən həkimlərimiz də olub",- A.Əhmədova deyib .

Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi forması olaraq, sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın, habelə sığorta olunanlara xidmətlər zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər məcmusudur.

1 yanvar 2020-ci ildən icbari tibbi sığortanın ölkə üzrə mərhələli tətbiqinə başlanılıb.1 aprel 2021-ci il tarixindən icbari tibbi sığorta sistemi bütün ölkə ərazisini əhatə edir.