Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının son bir ayda narkobaronlara qarşı keçirdikləri əməliyyatlar zamanı 65 nəfər saxlanılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən son dövrlərdə paytaxt və bölgələrdə keçirilən silsilə əməliyyatlar zamanı qanunsuz dövriyyədən 170 kiloqram müxtəlif xassəli narkotik vasitə, elektron tərəzilər və 5122 ədəd ekstazi və metadon həbi aşkar edilib.

Saxlanılan şəxslərdən bir neçəsi narkotik vasitə və psixotrop maddələrin ölkə ərazisindəki əsas tədarükçülərindən biri olublar. İlkin sorğu zamanı bu şəxslər narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından əldə etdiklərini bildiriblər.

Onların əsas niyyəti isə narkotik vasitələrin paytaxt ərazisində satışı təşkil etməklə bərabər şəxsiyyəti istintaqla araşdırılan dəstənin digər üzvlərinin köməkliyi ilə xarici ölkələrinə göndərmək olub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

Qeyd edək ki, qanunsuz dövriyyədən çıxarılan 170 kiloqram narkotik vasitənin qara bazarda qiyməti milyonlarla manata bərabərdir.