Milli Məclis 2022-ci ilin dövlət büdcəsi zərfinə daxil olan “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə layihəni birinci oxunuşda müzakirəyə çıxarıb.
Teleqraf.com xəbər verir ki, qanun layihəsini Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev təqdim edib.
Komitə sədri deyib ki, post-pandemiya dövründə ölkə iqtisadiyyatının genişlənməsi, orta aylıq əmək haqqının yüksəlməsi, yeni iş yerlərinin açılması Dövlət Sosial Müdafiə Fondunun gəlirlərinin artmasına öz müsbət təsirini göstərib.
Onun sözlərinə görə, əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində qanunvericilik aktlarının qəbul edilməsi DSMF-yə daxilolmaların həcminin əsaslı surətdə artmasını şərtləndirib və 2022-ci ilin ilk 5 ayında proqnoz göstəricilərinin yüksəlməsinə imkan yaradıb:
“Fondun gəlirlərinin artım tempi proqnoz göstəricilərinə yenidən baxılması zərurətini yaradıb. “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə layihəsinə əsasən, Fondun gəlirləri və xərcləri bərabər olmaqla 299,5 milyon manat və ya 5,6 faiz artaraq 5 milyard 606 milyon 300 min manat məbləğində müəyyən edilməsi tövsiyə olunub. Fondun gəlirlərinin artımı iki mənbə üzrə - məcburi dövlət sosial sığorta haqları üzrə və dövlət büdcəsindən ayrılan vəsait hesabına proqnozlaşdırılıb. Fondun xərclərindən proqnozlaşdırılan artım əsasən əhaliyə ödənişlər üzrə xərclər istiqamətində olacaq. Xərclərin artımı, habelə DOST xidmətinin fəaliyyətinin maliyyələşdirilməsinə, bank əməliyyatlarının aparılmasına və digər xidmət haqlarının ödənilməsinə yönələcək”.
Qeyd olunub ki, uşağın anadan olmasına görə müavinətin məbləğinin 4 milyon manat artırılaraq, 24 milyon manata çatdırılması nəzərdə tutulur.