Son zamanlar xanımlar arasında saç qaynağından istifadə artıb. Qısa müddətdə və asan şəkildə saçını uzatmaq istəyən xanımlar bəzən harada və necə gəldi saçlarını qaynaq edir, sonra da problemlərlə rastlaşırlar.

Bəs saç qaynağı haqqında nələri bilməliyik? Bu suala cavab tapmaq üçün saç ustası İslam Əsədovun yanına yollandıq.

Yanında müştəri olduğundan söhbətləşmək üçün bir qədər gözləməli olduq. Müştəri kimi ustanın xidmətində olan tele-aparıcı Xoşqədəm Hidayətqızı deyir ki, İslam gözəl ustadır: “Mən yaxşının yaxşısını seçirəm. Həm də insanları dəyişməyi sevmirəm”.

Teleqraf.com İslam Əsədovla müsahibəni təqdim edir.

- Nə zamandan bu peşəylə məşğul olursunuz?

- 2005-ci ildən. Peşəmin dərinliklərini daha mükəmməl öyrənmək üçün xarici ölkələrdə təhsil almışam, seminarlarda iştirak eləmişəm.

- Deməli, artıq 13 ildən çoxdur bu sənətlə məşğulsunuz. Ölkəmizdə, xüsusən Bakıda bu saç qaynağı edənlər olduqca çoxdur, bu da insanlarda çaşqınlıq yaradır. Ümumiyyətlə, saç qaynağı nədir?

- Saç qaynağı biznes sinfinə aid sahədir. Hər adama saçlarını uzatmağı həvalə etmək olmaz. Salon sferasında ən ağır və bahalı proseduralardandır. Buna saatlarla vaxt lazımdır. Vaxtı azaltmaq üçün bir çox ölkələrdə bunun üzərində işlər gedir. Buna da nail olublar. Elə qaynaq növləri var, 30-40 dəqiqə ərzində uzun saçlara sahib olmaq mümkündür.

- Bəs vaxt aparan hansı qaynaqlardır?

- Qafqazda yaşayan qadınların saçları qalın və gur olur, ona görə də bizim qadınlar gur, qalın saç istəyirlər. Slavyan saçlarını götürsək, baxmayaraq ki, onlarda sayca bizim saçlardan çoxdur, amma bizim saçlar daha qalın və gur görünür.

Saç qaynağı 90 dəqiqədən 3-4 saata qədər çəkə bilər. Saç uzandıqca qalınlıq tələbi də artır, bu da vaxt aparır. Elə qaynaq növü var, bir aydan bir, eləsi də var 3 aydan bir dəyişməlidir.

- Saç qaynağının növləri hansılardır?

- Qaynaqlar iki hissəyə bölünür – soyuq və qaynar üsulla olunanlar. Bunların özlərini də bir neçə hissəyə bölmək olar ki, bunlar peşəkar və qeyri-peşəkar növlərdir. Peşəkar üsulları bu gün hərə özü üçün özəlləşdirərək ona ad verir. Misal üçün, keratin kapsula qaynaq üsulu var, yaxud italyan üsulu... Dünyada SOCAB brendi yayılıb ki, biz bu brendin orijinalından istifadə edirik.

Soyuq üsulla olunan qaynaqlar zamanı bütün proseduralar Bakıda aparılır, amma əsasən regionlarda populyardır. Bakı şəhərində isə soyuq qaynağa tələbat azdır, qaynar üsula üstünlük verilir. Şəhərdə mən bu işə 2005-2006-cı illərdə başlayanda bizim ustalar qaynağın qeyri-peşəkar növündən istifadə edirdilər. Yəni silikon qaynağı edirdilər. Yəqin hər bir insan dükandan hədiyyə alıb. Şahid olub ki, qablaşdırma zamanı hədiyyəni tapança silikonla yapışdırırlar.

Saçlar da əvvəllər biri-birinə bu silikonla yapışdırılırdı ki, bu da qeyri-peşəkar idi. Siilikon 60-70 dərəcə istidə əriyir deyə problem ortaya çıxır, saçlar çox dözmürdü. Bu zaman qaynaqlar düşür, silikon saçlara yapışır və fəsadları çox pis olurdu.

Hazırkı dövrdə bizim istifadə etdiyimiz keratin kapsulalar vitaminləşdirilmiş kapsulalardır. 100 dərəcəyə qədər istiyə dözür, saça da heç bir ziyanı yoxdur. 3 aydan sonra keratinin özü saçdan ayrılmaq istəyir, yapışqanlığı azalır, onu rahat çıxarmaq olur.

- Yəni 3 aydan bir dəyişilir?

- Bəli, çünki qaynar üsullu qaynaqlarda korreksiya olmur. Qaynaq sökülür, yenidən keratinlənir və təkrar qaynaq olunur.

- Bunun saçın uzanmasına təsiri varmı?

- Ağırlıq uzanmanı sürətləndirir. 2005-2006-cı illər silikon qaynağın süquta uğrayan dövrünə düşdü və italyan saç qaynağı üsulu meydana gəldi, həmin ərəfədə populyar olan soyuq qaynaq idi. Bizim dildə buna muncuq qaynağı deyilir, amma bu Cənubi Koreyanın istehsalıdır.

Soyuq qaynaq çox kobud görünür, saçın ön hissəsinə isə bu qaynaqdan istifadə etmək mümkün deyil. Muncuqların içində yivlər olduğu üçün o sıxılır və yivlərin hesabına qaynaq saçda qalırdı. Yivlər də saçlara olduqca çox zərər gətirir, saçları sıxır, əzir və inkişafdan saxlayırdı. Ona görə də keratin qaynağı bu muncuq qaynağını da sıradan çıxartdı. Bizdə 10 ilə yaxındır italyan üsulu ilə keratin qaynaqdan istifadə olunur. Narazı qalan azdır.

- Ümumiyyətlə, qaynağın ziyanları nələrdir?

- Müştəri yaxınlaşanda ondan soruşuruq ki, sizdə saç tökülməsi, hər hansı saç xəstəliyi varmı? 25 yaşlı xanımla 60 yaşlı xanımı müqayisə eləsək, yaşlı xanımın saçlarını qaynaq eləmək olar, amma 3 ay saxlamaq olmaz. Saç uzanmırsa, bir aydan bir dəyişilməlidir.

Qaynaq düzgün olunmayanda, əlbəttə, fəsadları da olur. Müəyyən ölçülər var, qaynağı çox yükləmək olmaz. Müştəri var deyir, saçım qalın olsun. Normalda 50 santimetr 100 qramlıq saçdan 50-60 ədəd saç bükümü hazırlanaraq kapsulaya otuzdurulur. Amma bəzi xanımlar deyir ki, 100 qaramdan 30 büküm olsun, saçım qalın görünsün. Təbii ki, bu da ziyandır.

Əgər xanımın saçı tökülürsə, dərisi həssasdırsa, ona qaynaq olmaz. Elə xanım olub, saçına qaynaq eləmişik, boyun nahiyəsi reaksiya verib. Əslində kreatinin dəriyə kimyəvi təsiri yoxdur, amma allergiya verə bilər. Onu bir az yuxarıdan edirik. 100 xanımdan 3-5-də belə problemlər olur.

Əsəbi xanımlara da qaynaq olmaz. Belə xanımlar qaynağı saxlaya bilmir, tez gəlib çıxardırlar.

- Adətən, qadınlar estetik və gözəl görünmək üçün saçı uzadırlar, bundan başqa, xəstəliyi olan və bunun üçün müraciət edən varmı?

- Saç bitmirsə, problem varsa, artıq gözəllik salonlarına yox, həkimlərə müraciət eləmək lazımdır. Qeyd etdiyim kimi qaynaq biznes sinfinə daxildir və mütəmadi olaraq hər iki-üç aydan bir müəyyən məbləğ tələb edir. Kimin imkanı varsa, onu ödəyir və saçı saxlayır. Kimin imkanı yoxdur, parik alıb ondan 5 il istifadə edə bilər...

- Qaynaq olunan saçlara necə qulluq olunmalıdır?

- Qulluq adi saçlara olduğu kimi... Sadəcə müəyyən nüansları nəzərə almalısan. Qaynağın öz xüsusi darağı var ki, onunla saçı dibdən daramaq olur. Saçı yaş saxlamaq olmaz. Qaynaqdan sonra saç mütləq qurulanmalı və xüsusi daraqla daranmalıdır.

- Yatan zaman qaynaq mane olmur?

- Yatanda yüngül hörük edib yatmaq məsləhətdir. Bir həftə, 10 gün ərzində saçı dartaraq tarım yığmaq olmaz. Ümumiyyətlə, xanımlarda bir xüsusiyyət var ki, gözlərini dartmaq üçün saçlarından istifadə edirlər, illər ötdükcə bu, üz cizgilərini dəyişir, amma 3-5 ildən sonra gicgah nahiyəsində keçəlləşmə olur. Bu, qaynağa da aiddir. Yəni saçın köklərini oynatmaq olmaz.

- Saçların hansı növləri var və hardan gəlir?

- Ümumiyyətlə dünyada belə bir etalon var ki, bu, Azərbaycan xalqının, yaxud gürcü xalqının saçına aid deyil. Ən yaxşı saç kimi birinci yerdə slavyan saçlardır, onlarınkında qızıl xətt keçir, dünyada analoqu olmayan müəyyən rəng çalarları var.

Saç sahəsində bütün dünya bazarına Çin başçılıq edir. Bütün saçlar Çindən gəlir.

Çində başdan kəsilmiş təmiz saç, bir də istiqamətini dəyişmiş saçlar var. İstiqamətini dəyişmiş saçlar bu gün bütün bazarı ələ alıb. Xanımlar bilmirlər, bu haqda onlara məlumat verilmir.

- İstiqaməti dəyişmiş saç nədir?

- Bu gün saç biznesi böyük biznesdir. Bizdə isə populyar deyil. Çində, Hindistanda bu işlə məşğul olub yaxşı pul qazanan insanlar var. İnsan başından saç düşəndə kökünə baxsaq görərik ki, qara rəngdədir. Artıq saçın kökü xarab olur, qaralır və sürətlə düşür. Amma sağlam tükü qoparsaq, görəcəyik ki, o tükün yuxarı hissəsi ağ köklüdür. Biz dükanlardan saç alırıqsa, yuxarı hissəsinə baxırıq ki, kökü qaradır, yoxsa yox. Kökü qaradırsa, saçlar qayçı ilə kəsilməyib, tökülmədir.

Tökülmə saçlar yığılır, aşılanır, müəyyən bir gözəllik effekti verilir və satışa çıxarılır. Bunu da bizimkilər bilmir.

Biz onu əlimizə götürüb yuxarı hissədən aşağı hissəyə qədər sürüşdürə-sürüşdürə aparsaq görəcəyik ki, saçın ortasından sonra müəyyən bir keçid olacaq və onu əlimizlə hiss edəcəyik. Bu o deməkdir ki, saçın ortasına çox qısa saçlar yığılıb və rezinlə bərkidilib.

İstiqamətini dəyişmiş saçlar daraqdan yığılırsa bu, müəyyən çətinliklər yaradır. İstiqamətini dəyişmiş saçlarda tükün biri yuxarı, biri aşağı olur, qaynaq etdikdə yuyulandan sonra problem yaradır. Saçların qulaqcıqları var ki, saça əli aşağıdan aparanda qulaqcıqları hiss edirik, hətta müəyyən səsi də gəlir. Amma qulaqcıqlar bir-birinin əksinə olanda problemlər yaranır.

- Sizə pul qarşılığında öz saçlarını kəsdirmək üçün müraciət edənlər varmı?

- Müraciət edənlər çoxdur. Gördüyünüz bu saçların çoxu yerli saçlardır, 80 faizi isə uşaq saçlarıdır. Uşaq saçlarını kimsə pula görə gətirib kəsdirmir. 70-80 faiz valideynlər ona görə gətirirlər ki, artıq uşaqlar da, özləri də təngə gəlib. Uşaqlar ağlayırlar, dözmürlər, saçları dolaşır, gec quruyur deyə gətirib saçlarını kəsirlər. Bunların hardasa 50 faizi həkim məsləhəti ilə gəlirlər.

Baxırıq ki, gələn uşaqlar çox arıqdır, inkişafdan qalıblar və ya gözlərində problem var. Həkim deyir ki, saçları çox uzundur, kəsilməlidir. 10 yaşlı uşağın 70 santimetr saçı varsa, buna normal baxmıram, sağlamlıq və qulluq baxımından bu, uşağa problem yaradır. Saçı daramaq, qurulamaq çətin olur.

- Saçları necə rəngləyirsiniz, qaynaq saçla uyğunlaşdırırsınızmı?

- Bizim mərkəzdə standartlara uyğun şəkildə, yandırmadan saçların rəngi açılır. Əvvəllər açıcı tozlardan istifadə edirdik. Açıcı toz qatı olur, toza hər hansı oksidant əlavə edirdik. O da qatı şəkildə olduğu üçün saçın müəyyən hissələrinə qədər gedib çıxmırdı. Biz gərək balaca bükümlər edərək rəngləyək ki, o da vaxt aparan və əziyyətli prosesdir. İndi bu iş bizdə standartlara uyğun görülür, təbii üsullarla maye şəklində rənglənir.

- Süni saçlardan qaynaq olurmu?

- Süni saç yoxdur, mən dediyim daraqdan yığılmış istiqamətini dəyişən saçlar var. Süni saçdan yalnız hörüklər yığılır. Onun rəngini açmaq olmaz, rəngləmək olmaz, feninin istiliyi saça dəyəndə qırılır, yəni bu, mümkün deyil.

- Qiymətlər necədir?

- Bizdə 100 qram saç 150 manatdan başlayır. Qaynağın olunması da, yəni əlhaqqı 200-400 manatdır. Baxır saçın miqdarına və çoxluğuna. Misal üçün, öz saçının rəngi qəhvəyi və çiynində olan xanımın saçına 100 qram 50 santimetr saç əlavə edib uzadırıqsa, bu, 350-400 manata başa gələcək.

- Saçları yeniləyəndə qiymətlər necə olur?

- Müştəri birinci yanaşmada saçın qiymətini və zəhmət haqqını ödəyir, 3 aydan sonra saç özünün olduğu üçün ancaq zəhmət haqqını ödəyir.

- Saçlar nə qədər müddətə qala bilər?

- Bu da növlərdən asılıdır. Lent qaynağının korreksiyası olanda saç kəsilmir, sadəcə lent dəyişilir. Amma keratin kapsula ilə olunan qaynaqlarda saçların başları kəsilir, yeni keratin əlavə olunur. Artıq bu zaman saçın uzunluğundan itkiyə gedir. Ona görə də müəyyən müddətdən sonra bu saçların uzunluğu onları qane etmədiyi üçün 3-4-cü istifadədən sonra dəyişirlər.

- Elə qaynaqlar var ki, baxan kimi bilinir, amma bəzilərini seçmək mümkün deyil...

- Azərbaycanda 98 faiz ustalar diplomsuzdur, Yutub kanalına baxaraq öyrəniblər. Adicə manikür edən birinə bu işi öyrətsək, o da qaynaq edəcək. Amma saç yapışdırmaqla heç nə bitmir. Saçı saça, onun rənginə uyğunlaşdırmaq, düzülüşünü düzgün bilmək lazımdır. Elə saç düzülüşü var ki, ön tərəfdən 45 dərəcə ilə yığılır. Yəni sirlər çoxdur...

Qaynaq zamanı düzgün hesab götürmək lazımdır ki, saç bu qalınlığa dözəcək, ya yox. Bəzən müştərilər məcbur edirlər ki, mən belə istəyirəm, bir-iki ildən sonra isə fəsadını görürük. Sonra təsdiq edə bilmirik, deyirlər, siz usta idiniz, gərək etməzdiniz.

- Elə üz, baş quruluşu var ki, ona uzun saç yaraşmır. Yönləndirdiyiniz müştərilər olurmu?

- Bu, artıq qadının psixoloji vəziyyətindən asılıdır, qadın bunu istəyirsə yaraşdı-yaraşmadı etdirəcək. Bununla özünə təsəlli, rahatlıq tapacaq. Tutaq ki 160 santimetr boylu 90 kiloqram çəkidə qadın gəlir, belindən saç istəyir. Tamamilə gülməli şeydir... Amma o qadın bununla özünü xoşbəxt hiss edir. Deyir, həmişə arzulamışam ki, uzun saçlarım olsun. Biz dediyini edirik, onun da xoşuna gəlir, amma o əl işimizdən məmnun qalmırıq.

- Sizi saç ustası kimi tərifləyirlər...

- Tərifdən xoşum gəlmir. Usta var, deyir, mən hər şey edirəm. Makiyaj da edir, saç da kəsir, gəlin də bəzəyir, üstəgəl qaynaq da edir. Amma soruşsan ki, axırıncı qaynağı nə zaman etmisən, deyəcək, 10 gün qabaq. Müştəri bu müddətdə qaynaq etməyən ustanın yanına getməkdən daşınmalıdır. Usta hər gün qaynaq etməlidir. Bunun üçün studiyalar olmalıdır.

Bu gün şəhərdə manikür edən, gəlin bəzədilən, saç kəsimi ilə məşğul olan studiyaları var, amma ustalar da var, hər işlə məşğuldur. Ola bilər, istedadlı ustadır, amma onun gördüyü hər işə yüksək l qiymət vermək olmaz.

Hər bir sahə pul tələb edir. Saçın özü bu gün ən bahalı komponentdir ki, biz onu alıb hazır saxlayırıq. Çünki bilmirik, yanımıza gələn qadının saç rəngi, saç ucları necə olacaq. Ona görə biz hazırlıqlı olmalıyıq. Bunun üçün də vəsait lazımdır.

Təkcə 1 kilo saçın rənginin açılması zamanı prosedur 3-4 gün çəkir. Onların hazırlanması vaxt aparır. Saçlar rənglənir, hazırlanır, müştəri gələndə artıq rahat olur. Elə qaynaq növü var, müştəri gələn kimi biz onu hər şeylə birlikdə bir saata hazırlaya bilirik. Amma bu gün qadınlar hansısa bir reklama aldanır, gedib başqa səhnə ilə qarşılaşırlar. Gedir ki, ustanın əlində saç yoxdur. Usta müştəridən müəyyən məbləğ alır və deyir ki, 3-4 gündən sonra gəl qaynaq edək. Belələri çoxdur.

- Elə müştərilər olurmu ki, həftəlik, 10 günlük qaynaq istəsin?

- Elə müştərilərdən qaçırıq. Onları aldatmırıq, deyirik ki, bu qaynağın müddəti bir aydır. Əgər bir həftəlik istəyirsinizsə cırt-cırt dediyimiz saçlar var, o saçlardan istifadə edə bilərlər.

- Hansı məşhurlarla işləyirsiniz?

- Evdar xanımlar, iş adamları uzun saçları, geyim trendlərini məşhurlardan götürürlər. Ona görə də məşhurlar bizim işimizin əhəmiyyətli və görünən hissəsidir. Gördüyünüz kimi, Xoşqədəm xanım burdadır. Daim bura gəlir.

Xalq artisti Aygün Kazımova, Brilliant Dadaşova, Günay İbrahimli, Sevda Yəhyayeva, Rəqsanə İsmayılova, Röya Ayxan daim bizə üz tuturlar. Müştərilərimdən biri Xatun olub, baxmayaraq ki, qardaşı makiyaj və saç düzümü üzrə mütəxəssisdir.

Aparıcı Vüsalə Əlizadə, Afaq Gəncəlinin də adını çəkə bilərəm. Bu yaxınlarda Şəbnəm Tovuzlu, İradə Mehri gəlmişdi. Sonra Bahar Lətifqızı, Ruhəngiz Allahverdiyeva, Könül Kərimova gəlib qaynaq elətdiriblər.

- Saçların sertifikatı varmı?

- Saçlar xaricdən gəlir və mənşəyi bilinmir. Xaricdə üstünə yazırlar ki, istiqamətini dəyişmiş saç, yaxud əksinə... Bizdə isə bunu demirlər. Saç elə bir şey deyil ki, ona möhür vurulsun, qıfıl bağlansın. Ən yaxşısını usta tanıyır, o yoxlamalıdır.

- Saç qaynağı hansı ölkələrdə populyardır?

- Saç uzadılması bizə Qərbdən gəlib. Keçən əsrin 60-70-ci illərində Qərbdə yaşayan Amerika mənşəli qadınlar hörüklə saçlarını uzadırdılar. Artıq 90-cı illərdən ingilis üsulu dəbə mindi və o illərdən bu tərəfə, get-gedə üsullar dəyişdi. Azərbaycanın özündə qaynaq elətdirən çoxdur. Bu gün hər hansı geyim dükana girsək görərik ki, 10 xanımdan 3-də saç qaynağı var.

Xanımın başında saç necə uzanırsa, o istiqamətdə də qaynaq olunmalıdır. Amma əfsus ki, gedib ancaq arxa tərəfdən uzadırlar. Saçların ucuna baxırsan ki, öz saçı ilə qaynaq saçın ortası görünür.

İranda, Türkiyədə qaynaq çox populyardır. Baxmayaraq ki, böyük şirkətlər Avropada yerləşir, amma orda istifadəçilər azdır. Onlar təbiiliyi sevir, makiyajdan istifadə etmirlər, saçları da qısadır. Moskva da bizim qədər qaynaq eləmirlər.. Heç Gürcüstanda da bizimki kimi deyil, bizim xanımlar özlərinə baxmağı, baxımlı olmağı xoşlayırlar.

Mən qaynaqla bağlı Braziliyada da olmuşam. 160 milyon əhalisi var, saç qaynağı elətdirən çoxdur. Birinci yerdə parlaqlığına və rənginə görə slavyan saçları getsə də, ikinci yerdə Braziliya saçları, üçüncü yerdə özbək saçlarıdır. Saçın keyfiyyəti parlaqlığı və yumşaqlığı ilə seçilir. Baxmayaraq ki, özbək xanımları xınadan çox istifadə edirlər, amma onların saçları bizdən daha çox yumşaq və parlaqdır. 4-cü yerdə Çin saçları gəlir.

Əgər o ölkədə nəmişlik çoxdursa, suyun tərkibi saçlara ziyandırsa, qaynaq da çox olur. Bizim suyumuz sərtdir və sularımıza çox xlor qatılır. Bunlar da saçları tökür, saçlar tökülürsə qaynağa tələbat da çoxalır. Suyun tərkibinə görə saçlar uzanmır, əksinə saçlar qırılır.

- Deyirsiniz ki, son üsuldan istifadə edirsiniz, yeni üsul yarana bilərmi?

- Hələ ki saç qaynağında elə bir partlayış yoxdur. İnternetə axtarış versək görərik, 95 faiz ustalar keratin kapsuladan istifadə edir. Hazırda fransız, ispan üsulu da var. İspan üsulunda xüsusi yapışqandan istifadə edilir ki, bu da 150 dərəcəyə qədər dözür, amma elə də populyar deyil. Çünki prosedur uzundur, vaxt aparır.

- Saç qaynağı eləmək istəyənlərə məsləhətləriniz nədir?

- Qaynaqda əsa məsələ odur ki, seçdikləri saç başdan kəsilmiş, normal saç olsun. Saçı aldıqları yerə xəbərdarlıq etsinlər ki, saç təbii olsun, ustama yoxlatdıracağam. Aldanmasınlar...