Azərbaycan türkcəsi əsasən öz kökü üstündə dayanıb inkişaf edən azsaylı dillərdən biridir.
Teleqraf.com xəbər verir ki, bu sözləri Bakı Dövlət Universitetinin professoru Nəsir Əhmədli terminlərin dilimizdə işlənməsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, feillər, saylar, bizi əhatə edən təbii əşya, hadisə, bədən üzvlərinin adları, demək olar, hamısı öz sözlərimizdir:
“Bununla belə, ərəb, fars, Avropa dillərindən alınmalarımız da az deyil. Dilimizdə sözalma prosesi olub, var və olacaq.
Məsələ burasındadır ki, əcnəbi sözlər, bir qayda olaraq, əcnəbi əşyalarla (proseslərlə) birlikdə alınır və onlara qurama "milli" adlar vermək cəhdi də çox vaxt uğursuzluqla nəticələnir. XX əsrin 70-ci illərində Yaponiyanın Hitaşi firmasının lisenziyası əsasında Bakıda Məişət Kondisionerləri Zavodu tikildi. O zaman kondisioner (latınca “normaya salan”, “müəyyən vəziyyətə gətirən”) bizim üçün yeni söz idi. Onu "sərinkeş" adlandırdıq, lakin bir çox başqa terminlər kimi üç səbəbdən onun da ömrü gödək oldu:
1) Həmin əşyanın özü bizə yad idi (traktor kimi, parovoz kimi); 2) Söz dilimizin qanunları əsasında yaradılmamışdı. “Keş” leksik şəkilçisi isimə artırılaraq ona "çəkən" anlamını verir (zəhmətkeş – zəhmət çəkən; xətkeş – xətt çəkən; cəfakeş – cəfa çəkən…). "Sərin" sözü isə sifətdir; 3) Sonralar məlum oldu ki, kondisioner təkcə sərinlik yox, həm də istilik verə bilir".
Qeyd edək ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında bəzi alınma sözlərin Azərbaycan dilində qarşılığı təsdiqlənib. ““Zaryadka” - “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” - “qadağa”, “evakuasiya” - “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” - “bəyənmə”, “mesaj” – “ismarıc” kimi təsdiqlənib”.