Bakının Sabunçu rayonunda xarici ölkə vətəndaşına qarşı soyğunçuluq edən və avtomobil qaçıran dəstə üzvlərinin saxlanılması üçün əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Pakistan vətəndaşı Qulam Murtaza Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinə müraciət edib. O bildirib ki, özünə məxsus, içərisində 150 manat, 100 dollar, habelə mobil telefon olan pul kisəsini soyğunçuluq yolu ilə əlindən alıblar. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini Cavad Nəsirov və İsmayıllı rayon sakini Süleyman Səfərov saxlanılıb. Saxlanılan şəxslərin ətraflarında keçirilən əlavə tədbirlərlə onların dəstənin digər üzvü, Masallı rayon sakini Uğur Abışovla birlikdə Bakıxanov qəsəbəsində Həsən Sadıqzadəyə məxsus “Vaz 2106” markalı avtomobili qaçırdıqları da müəyyən edilib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Uğur Abışov da saxlanılıb. Saxlanılan şəxslər avtomobili qaçırandan sonra həmin nəqliyyat vasitəsini İsmayıllı rayonuna apararaq orada 450 manata satıblar. Müəyyən edilib ki, Cavad Nəsirov və Süleyman Səfərov əvvəllər məhkum olunub.