Vaxtından əvvəl becərilən, xüsusilə də iri qarpızlar potensial zəhərlənmə mənbəyidir desək, yanılmarıq. Hər il qarpız mövsümü başlayar-başlamaz zəhərlənmə xəbərlərinə rast gəlirik. Bəs, necə edək ki, qarpızdan zəhərlənməyək? Hansı qarpızları yeyək? Nə vaxt yeyək?

Bu və digər suallarla tibb elmləri doktoru, professor Adil Qeybullaya müraciət etdik. A.Qeybulla Teleqraf.com-a açıqlamsında bildirdi ki, qida toksiki infeksiyaları yaz fəsilindən sonra yaya yaxın daha çox rast gəlinir ki, bu da insanların qida qəbulunda müəyyən normaları pozması ilə bağlı olur.

Onun sözlərinə görə, bəzi qidaların istehlak üçün yararsız olması da toksiki fəsadlar yaradır: “Meyvəni, tərəvəzi mövsümündə yemək xeyirlidir. Amma pomidor, qarpız bəzi meyvələrdə xeyli problemlər olur. Problem də ondan ibarətdir ki, becərilmə prosesində yol verilən səhvlər, məhsulun yetişməsini sürətləndirmək üçün torpağa verilən gübrələr sonradan fəsad yaradır. Qarpız kəsilərkən gərək içərisində ağ zoğlar, damarlar olmasın, mərkəz hissənin rəngində, qoxusunda, dadında hansısa şübhəli məqam varsa, onu istehlak etmək olmaz. Əsas da kəsilmiş meyvə, giləmeyvə qısa zamanda yeyilməlidir. Bəzən görürsən ki, qarpızı, yemişi kəsib, günlərlə soyuducuda saxlayırlar. Bu da məhsulun keyfiyyətinin itirilməsinə səbəb olur. Əgər zəhərlənmə halı baş veribsə, çoxlu maye qəbul etmək, mədəni yumaq, imalə etmək mühüm şərtdir. Tez zaman da isə xəstəxanaya çatdırmaq lazımdır. Əsk halda zəhərlənmə ölümlə nəticələnə bilər”.

Azad istehlakçılar birliyinin sərdi Eyyub Hüseynov bildirib ki, keçən il qarpızın tərkibində olan nitratların miqdarını müəyyən edən xüsusi aparat alınıb:

“Zəhərlənmələr nitratların çöx olmasından qaynaqlanır. Əhali bilməlidir ki, qarpızın tərkibində maksimum 1 kiloqramda 60 milliqram nitrat ola bilər. Bir adam sutka ərzində 200- 300 milliqram nitrat qəbul edərsə, bu zəhərlənmə ilə nəticələnər. Bu o deməkdir ki, qarpızın 1 kiloqramının tərkibində 100 milliqram olarsa, həmin qarpızdan 2 kiloqram yeyən insan zəhərlənə bilər. Xüsusilə də uşaqlar, imuniteti zəif insanlara daha tez təsir edir. Aparatı əldə etdikdən sonra avqust ayında Bakı bazarlarında monitorinq apardıq. Təəssüf ki, bir dənə də olsun, nitratların miqdarı normada olan qarpız tapa bilmədik. Bu səbəbdən də keçən il cəmi 3 dəfə qarpız yeyə bildim. Onu da necə çətinliklə axtarıb, tapdım. Bu il istixanalarda yetişdirilən qarpızların monitorinqini aparmışıq. Təxminən 95 faiz qarpızda nitratların həcmi çox olub. Əhali elə bilirdi ki, istixanada yetişdirilən qarpızlar açıq şəraitdə yetişdirilən qarpızlardan təhlükəlidir. Monitorinqlər göstərdi ki, istixanalarda yetişdirilən qarpızın tərkibindəki nitratların miqdarı bostan şəraitdə yetişdirilən qarpızlardakından azdı. Yemişlərdə isə nitratların miqdarı daha da artıqdı. Bu məsələlərlə Səhiyyə Nazirliyi və Kənd Təsərrüfatı Nazirliyi məşğul olmalıdır. Kənd Təsərrüfatı Nazirliyi Yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti var ki, onların da regionlarda nümayəndəlikləri olur. Avtomobillərdə təhciz olunmuş laboratoriyalar var. Gərək onlar fermerlərin yanında olsun, onlara məsləhət görsünlər ki, hazır məhsul məhv edilməsin. Biz tərafdarı deyilik ki, fermer əziyyətlə yetişdirdiyi məhsul xarab olsun, satılmasın. Lakin Nazirliyin əməkdaşları bazar günləri bahalı kostyumları geyinib, gedib qiymət tənzimlənməsi ilə məşğul olurlar. Bu anormal haldır. Ölkə Prezidentinin 10 fevral tarixli sərəncamı ilə yaradılacaq Qida Təhlükəsizliyi Agentliyinə böyük ümidlər bəsləyirik. Düşünürük ki, gələn ildən agentlik bu məsələlərə son qoyacaq.

Qeyd edək ki, bu ilin ilk 6 ayı ərzində 188 qida zəhərlənməsi faktı aşkarlanıb. 285 nəfər zərər çəkib ki, 3-ü ölümlə nəticələnib.