BAKI, 15 iyul. TELEQRAF
“Mədəni xəstəliklərindən qorumaq üçün düzgün və balanslı qidalanma əsas şərtlərdəndir”.
Teleqraf xəbər verir ki, bunu 93 FM dalğasında yayımlanan “Sağlam radio”da Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov deyib.
Onun sözlərinə görə, gündəlik qida rejimi nizamlı olmalı, insanlar yeməklərini tələsmədən, sakit bir mühitdə qəbul etməlidirlər:
“Çox yağlı, qızartma, ədviyyatlı yeməklərdən, qazlı və şəkərli içkilərdən uzaq durmaq tövsiyə olunur. Acqarnına qəhvə, siqaret və energetik içkilərin qəbulu mədə turşusunu artıraraq, mədənin selikli qişasına zərər verə bilər. Həmçinin, gecə yatmazdan əvvəl yemək vərdişindən imtina edilməli, son qida qəbulu yuxudan ən azı 2-3 saat əvvəl başa çatmalıdır. Qidalar yaxşı çeynənməli, aclıqla doymaq arasında balans saxlanmalıdır. Bu sadə qaydalara riayət etməklə həm mədənin selikli qişasının zədələnməsi, həm də qastrit, xora və reflüks kimi xəstəliklərin qarşısını almaq mümkündür”.
Mütəxəssis-ekspert bildirib ki, digər vacib məqam isə həkim nəzarəti olmadan ağrıkəsici dərmanların qəbuludur. Bu şəxslər bilməlidir ki, bu dərmanlar mədə xorasına və qanaxmaya səbəb ola bilər:
“Bundan əlavə, sirkəli su içmək, nəzarətsiz pəhriz və müxtəlif qida əlavələri qəbul etmək kimi bəzən internetdə tapıla bilən və elmi sübutlara əsaslanmayan üsulları tətbiq etmək mədə-bağırsaq sistemini ciddi risk altında qoya bilər”.
Həkim həmçinin qeyd edib ki, bəzi hallarda insanların hiss etdiyi qarın və ya mədəətrafı ağrılar əslində mədədən deyil, digər orqanlardan qaynaqlana bilər.
Onun sözlərinə görə, bu da bəzən xəstəni və hətta ilkin mərhələdə həkimi belə çaşdıra bilər:
“Məsələn, öd kisəsinin daşları və ya iltihabı zamanı sağ qabırğaaltı nahiyədə yaranan ağrılar mədə ağrısı kimi hiss edilə bilər. Xəstələrdə bəzən üşütmə-titrətmə, kürək ağrısı, çiyin ağrısı kimi özünü göstərir. Buna isə səhvən soyuqdəymə, virus infeksiya kimi yanaşılır. Mədəaltı vəz iltihabi xəstəlikləri, xüsusilə xroniki pankreatit həm qarının yuxarı hissəsində, həm də arxaya, bel nahiyəsinə yayılan ağrılarla özünü göstərə bilər. Bəzən ürəyə aid ağrılar da (məsələn, infarkt) mədəətrafı nahiyədə və ya qarında hiss oluna bilər”.
E.Məmmədov bildirib ki, bundan əlavə, onikibarmaq bağırsaq, bağırsaqlarda qaz yığılması meteorizm və ya spazmalar da özünü kor bağırsaq ağrısı və ya digər ciddi ağrı kimi apara bilir:
“Lakin müayinələr vaxtı müəyyən olunur ki, əslində bu, xüsusilə gənc şəxslərdə adi bağırsaq qazı və ya spazmadır. Diafraqma yırtığı olan şəxslərdə ürək ağrısına bənzər ağrılar ola bilir. Bəzən səbəbi məlum olmayan öskürək, boğulma, boğazda yad cisim hissi mədə turşuluğunun reflüks səbəbilə baş verə bilir. Bu səbəbdən, “mədə ağrısı” adlandırılan bütün şikayətlərə sadə yanaşmaq olmaz. Dəqiq diaqnozun qoyulması üçün həkim müayinəsi, lazım gələrsə, laborator və endoskopiya üsulları ilə dəqiqləşdirmə aparılması vacibdir. Unutmayaq ki, düzgün qidalanma və diqqətli yanaşma həm sağlam qalmağın, həm də vaxtında diaqnozun əsas şərtlərindəndir”.