Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) işğaldan azad olunan ərazilərdə əvvəllər fəaliyyət göstərmiş stansiyaların yenidən qurulmasına hazırlıq gedir.

Teleqraf.com xəbər verir ki, bunu RSXM-in baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, Füzuli və Ağdam rayonlarının ərazilərində artıq neçə illərdir ki, RSXM-in seysmik stansiyaları fəaliyyət göstərir:

"Yaxın perspektivdə Kəlbəcərdə, Cəbrayılda, Şuşada, Xankəndidə və başqa rayonlarda da ən müasir seysmoloji məntəqələrin və stansiyaların yaradılması, həmin bölgədə elmi-tədqiqat işlərinə başlanılması nəzərdə tutulur. Qeyd etməliyəm ki, artıq Respublika Seysmoloji Xidmət Mərkəzinin 2021-ci ildə yerinə yetirəcəyi iş planlarına Qarabağda çox böyük həcmdə seysmoloji-geofiziki layihələrin icrası ilə bağlı məsələlər salınıb".

Q.Yetirmişli xatırladıb ki, Qarabağ ərazisində dövlət əhəmiyyətli iri qurğular, su anbarları, elektrik stansiyaları var:

"Biz yaxın gələcəkdə bu qurğuların seysmik dayanıqlılığını öyrənməyi də planlaşdırırıq. Həmçinin yeni tikiləcək obyektlərin ərazilərinin seysmikliyinin təyinində, ekoloji layihələrin icrasında yaxından iştirak edəcəyik".