Pandemiya səbəbilə son aylarda yaşadığımız stress həm mənəvi, həm də fiziki olaraq insanlara təsir edir. Alimlər stressin orqanizmdə bir çox problemlərə səbəb olduğunu iddia edirlər.
Teleqraf.com xəbər verir ki, stress dərinin qocalmasını sürətləndirir. İnsan stressli olduqda sağlam vərdişlərdən imtina edir, iş saatı uzanır, kofein, alkoqol və siqaret istehlakını artırır. Bu isə yuxu rejiminin pozulması, yorğunluq, gözaltlarının göyərməsi və şişkinliyə səbəb olur. Dəri əvvəlki parıltısını itirir və solğun görünür.
Eyni zamanda, stresli günlərdə nəmləndirici maddələrdən istifadə etməməyiniz dəri baryerinin pisləşməsinə, dərinin soyulması və ekzemanın əmələ gəlməsinə səbəb olur. Dəri qatını qidalandırmaq və qıcıqlanmanı minimuma endirmək üçün nəmləndirici vasitələrdən istifadə etmək tövsiyə olunur.
İnsan stressli olduğu zaman dəridə yağlanma artır. Yağ vəziləri qədərindən artıq yağ ifraz etməyə başlayır. Bu isə dəridə məsamələrin tıxanmasına və sızanaqların əmələ gəlməsinə şərait yaradır. Təbii ki, belə hal daha çox yağlı dəri quruluşu olan insanlarda müşahidə edilir.
Eyni zamanda stress saç tökülməsini sürətləndirir, dırnaqların zədələnməsinə səbəb olur. Belə ki, dırnaqların uzanmasında yavaşlanma müşahidə olunur, dırnaqlar qırılır və soyulmağa başlayır.
Stressi idarə etmək üçün ilk olaraq yuxu rejiminə diqqət etmək vacibdir. Həftədə 2-3 gün idman etmək, açıq havada gəzmək, kitab oxumaq, dostlarla söhbət etmək, meditasiya və yoqa ilə məşğul olmaq sizi stressdən uzaq saxlayacaq.