
BAKI, 3 mart. TELEQRAF
Ombudsman ipoteka şərtlərinə yenidən baxılmasını təklif edir.
Teleqraf xəbər verir ki, bu, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2024-cü il üzrə məruzəsində əksini tapıb.
Məruzədə bildirilib ki, mənzil hüququnun daha səmərəli təmin edilməsi məqsədilə, real bazar qiymətləri və əhalinin alıcılıq qabiliyyəti nəzərə alınmaqla güzəştli ipoteka kreditinin şərtlərinə yenidən baxılması, kreditin maksimal məbləğinin artırılması, ilkin ödəniş məbləğinin minimuma endirilməsi, kredit müddətinin uzadılması, faiz dərəcəsinin aşağı salınması, ipoteka kreditləri üzrə güzəştlərdən istifadə etmək hüququna malik şəxslərin siyahısının genişləndirilməsi məqsədilə qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi vacibdir.
Vurğulanır ki, istər Bakı şəhərində, istərsə də rayon mərkəzlərində, habelə bəzi qəsəbələrdə yerləşən ötən əsrin əvvəllərində və ortalarında tikilərək istifadəyə verilmiş bir sıra yaşayış binalarında uzun illər təmir-bərpa işləri aparılmamış, istismar müddətini keçməsi səbəbindən həmin binalar istismara yararsız, bəzi hallarda isə qəzalı vəziyyətə düşmüşdür. Bu baxımdan, həmin mənzillərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşması üçün onların yeni mənzillərə köçürülməsi ilə bağlı pilot layihələrin davam etdirilməsi məqsədəmüvafiqdir.
Xatırladaq ki, Ombudsmanın illik məruzəsi Milli Məclisin İnsan hüquqları komitəsinin martın 3-də keçirilən iclasında müzakirəyə çıxarılıb.