BAKI, 4 avqust. TELEQRAF
İstehsalatda bədbəxt hadisələr və peşə xəstəliklərindən icbari sığorta sahəsində uçot, sığorta məbləğinin müəyyənləşdirilməsi, ödənişlərin verilməsi və vəsaitlərdən istifadə qaydaları təsdiqlənib.
Teleqraf xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Yeni qərar xüsusi təhlükəsizlik xidmətlərinin (DİN, DTX, XDX, DMX və XRİTDX) məlumatları məxfi saxlanılan əməkdaşlarının sığorta qeydiyyatı üçün adlar əvəzinə unikal kodlardan istifadə edilməsi mexanizmini ehtiva edir. Dövlət Sosial Müdafiə Fondu (DSMF) müraciət daxil olduğu tarixdən 1 ay müddətində bu kodların verilməsini təmin etməlidir.
"6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:
6.1. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Mühafizə Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin bu Qərarın 5-ci hissəsinə uyğun olaraq edilən müraciətləri daxil olduğu tarixdən 1 (bir) ay müddətində barələrində məlumatların məxfiləşdirilməsi nəzərdə tutulan hər bir sığorta olunana tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən unikal kodun verilməsini təmin etsin;
6.2. bu Qərardan irəli gələn digər məsələləri həll etsin", - qərarda qeyd olunub.