BAKI, 4 avqust. TELEQRAF
Ləğv edilmiş Yüksəliş Partiyasının sədri Anar Əsədlinin barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrlik etdiyi prosesdə anket məlumatları dəqiqləşdirilib.
Daha sonra təqsirləndirilən şəxsin vəkili bildirib ki, müvəkkili həmin şəxslərdən pulu borc olaraq alıb, zərərçəkmiş şəxs qismində tanınan şəxslərdən 3-ü bunu ifadələrində də təsdiq edib. Apellyasiya şikayətini müdafiə edən A.Əsədli də deyib ki, pulu borc olaraq götürüb, ortada dələduzluq söhbəti yoxdur.
Dövlət ittahamçısı qeyd edib ki, apellyasiya şikayətinin təmin edilməsi üçün səbəb yoxdur, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü qanunidir.
Növbəti məhkəmə prosesi sentyabrın 8-nə keçiriləcək.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən Anar Əsədli 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən Anar Əsədli yüksək gəlir gətirəcəyi adı ilə Oqtay Qasımovdan müxtəlif vaxtlarda pul alıb. O, ümumilikdə 255 min manat vəsait əldə edib. Həmin pulun müəyyən hissəsini geri qaytarıb.
Bundan başqa, Anar Əsədli Etibar Nəsirovdan ümumilikdə 8 500 manat alıb və bu məbləğdən 3 400 manat geri ödəniş edib.
Həmçinin Hüseyn İlhamdan 17 min manat alıb və həmin məbləğin 4 250 manatını geri qaytarıb.
Zərərçəkmiş Tamara Allahverdiyevadan ümumilikdə 78 500 manat pul alıb və dəymiş ziyandan 17 min manat geri ödəniş edib.
Qeyd edək ki, partiya sədri 4 nəfərə qarşı dələduzluqda təqsirləndirilib. Ona qarşı Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb.