XANKƏNDİ, 11 sentyabr. TELEQRAF

Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman Teleqraf-a eksklüziv müsahibə verib.

Onunla müsahibəni təqdim edirik:

– Böyük Britaniya ilə Azərbaycan arasında münasibətlərin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

– Böyük Britaniya ilə Azərbaycan arasında uzun illərə dayanan sıx əməkdaşlıq əlaqələri var. Bu münasibətlərin əsasını, əlbəttə ki, bp ilə bağlı “Əsrin müqaviləsi” də daxil olmaqla, enerji sahəsində əməkdaşlıq təşkil edir. bp hələ də iki ölkə arasındakı münasibətlərin mühüm hissəsidir. Lakin hazırda əlaqələrimiz bununla məhdudlaşmır. Biz müxtəlif biznes sahələrində geniş əməkdaşlıq edirik. Həmçinin geosiyasi məsələlər də daxil olmaqla, bir sıra digər istiqamətlərdə əməkdaşlığımız var və bir çox məsələlərdə mövqelərimiz üst-üstə düşür.

– Qarabağa ilk səfərinizdir. Qarabağ haqqında düşüncələriniz necədir?

– Bu, mənim Qarabağa ilk səfərimdir. Açığı, səfərdən əvvəl burada nə ilə qarşılaşacağımı tam təsəvvür etmirdim. Lakin məni ən çox təəccübləndirən burada artıq həyata keçirilmiş genişmiqyaslı quruculuq işləri oldu.

– Böyük Britaniyanın Qarabağdakı yenidənqurma işləri ilə bağlı hər hansı planları varmı?

– Böyük Britaniya artıq bu prosesdə iştirak edir. Biz 2020-ci ildə Azərbaycana minalardan təmizləmə işlərində kömək edən ilk ölkələrdən biri olmuşuq. Bu istiqamətdə əməkdaşlığımız davam edir və bu, region üçün olduqca vacibdir. Qarabağda məskunlaşma prosesinin davam etməsi üçün mina probleminin həlli mühüm əhəmiyyət daşıyır. Bundan əlavə, britaniyalı memarlar müasir Şuşanın layihələndirilməsində iştirak ediblər. Şuşanı görəcəyim üçün çox səbirsizlənirəm.

– Yaxın vaxtlarda Azərbaycan və Böyük Britaniya arasında yüksək səviyyəli səfərlər gözlənilirmi?

– Bununla bağlı yeni xəbərləri gözləyin. Yaxın üç həftə ərzində iki britaniyalı nazir Azərbaycana səfər edəcək.