XANKƏNDİ, 11 sentyabr. TELEQRAF
Ərazilərin minalarla çirklənməsi Qarabağın bərpası və yenidən qurulması qarşısında duran əsas maneələrdən biridir.
Teleqraf-ın Qarabağa ezam edilmiş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.
O qeyd edib ki, işğaldan azad edilmiş ərazilərin minalardan təmizlənməsi prosesi fasiləsiz davam edir:
“Mina problemi qarşımızda duran nəhəng çağırışdır. Lakin bu təhlükə Qarabağın ən qısa zamanda bərpa olunması və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz şəkildə qayıtması ilə bağlı iradəmizi və əzmimizi sarsıda bilməz”.
Prezidentin köməkçisi Azərbaycanın mina təhlükəsinin aradan qaldırılması istiqamətində beynəlxalq tərəfdaşlarla əməkdaşlığının böyük əhəmiyyət kəsb etdiyini də diqqətə çatdırıb.
H.Hacıyev bildirib ki, Avropa İttifaqı, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri və digər tərəfdaş ölkələr ilə beynəlxalq təşkilatlar Azərbaycanın minatəmizləmə fəaliyyətinə texniki və maliyyə dəstəyi göstərirlər.