BAKI, 26 iyun. TELEQRAF
26 İyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü hər bir azərbaycanlı üçün qürur, iftixar və milli birliyin təntənəsidir. Biz artıq Silahlı Qüvvələr Gününü Möhtərəm cənab Prezident İlham Əliyevin rəhbərliyi və qəhrəman Silahlı Qüvvələrimizin sayəsində qalib xalq kimi qeyd edirik. Azərbaycan Ordusu dövlətimizin müdafiə dayağı, xalqımızın iradəsinin, milli ruhunun və tarixi ədalət uğrunda apardığı mübarizənin rəmzidir.
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.
O qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir ordu quruculuğu siyasəti Azərbaycanın müstəqillik tarixində ən mühüm istiqamətlərdən biri olub:
“Hələ sovet dövründə Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, azərbaycanlı gənclərin hərbi təhsilə cəlb olunması gələcək milli ordumuz üçün möhkəm kadr bazası formalaşdırdı. Müstəqilliyimizin ilk illərində ölkəmiz ağır sınaqlarla üz-üzə qalanda məhz Ulu Öndərin hakimiyyətə qayıdışı ilə nizami ordu quruculuğuna başlanıldı, vahid komandanlıq sistemi yaradıldı, Silahlı Qüvvələrimiz dövlətçiliyimizin əsas dayaqlarından birinə çevrildi.
Ümummilli Lider Heydər Əliyevin “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir” fikri bu gün də öz aktuallığını qoruyur. Azərbaycan Ordusunun gücünün arxasında müasir silah və texnika ilə yanaşı, xalqın sonsuz inamı, əsgərimizin Vətən sevgisi və dövlətinə sədaqəti dayanır.

Bu siyasəti yeni dövrün çağırışlarına uyğun şəkildə davam etdirən Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu regionun ən qüdrətli ordusuna çevrildi. Ordumuzun maddi-texniki bazası gücləndirildi, hərbçilərin peşəkarlığı artırıldı, hərbi sənaye inkişaf etdirildi, müasir silah və texnika ilə təminat ən yüksək səviyyəyə çatdırıldı”.
Deputat bildirib ki, bütün bunların nəticəsini Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində gördü. Zabit və əsgərlərimiz döyüş meydanında həm peşəkarlığını, həm qəhrəmanlığını, həm də sarsılmaz ruhunu bütün dünyaya nümayiş etdirdi:
“2020-ci ildə qazanılan tarixi Zəfər, 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpası Azərbaycan Ordusunun qüdrətini bir daha təsdiqlədi. Bu gün üçrəngli, əzəmətli bayrağımız Qarabağda, Şərqi Zəngəzurda qürurla dalğalanır. Sözügedən mənzərə Azərbaycan Silahlı Qüvvələrinin rəşadətinin, şəhidlərimizin müqəddəs qanının və Ali Baş Komandanın qətiyyətli siyasətinin nəticəsidir”.
Günay Ağamalı vurğulayıb ki, Azərbaycan Ordusu dövlətimizin müstəqilliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qarantıdır:
“Hərbi təhsilin təkmilləşdirilməsi, Milli Müdafiə Universitetinin yaradılması, Komando hərbi hissələrinin formalaşdırılması, Türkiyə Silahlı Qüvvələri modelinə uyğunlaşma istiqamətində atılan addımlar ordumuzun daha çevik, daha peşəkar və daha müasir səviyyəyə yüksəldiyini göstərir.
Möhtərəm cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Bizim ordumuz bizim qürurumuzdur.”
Bu fikir hər bir azərbaycanlının qəlbindəki qürurun ən dolğun ifadəsidir. Məhz Ali Baş Komandanın uzaqgörən və qətiyyətli ordu quruculuğu siyasəti nəticəsində Azərbaycan Silahlı Qüvvələri qalib, peşəkar və regionun ən qüdrətli ordularından birinə çevrilərək dövlətimizin suverenliyinin və milli təhlükəsizliyinin etibarlı təminatçısı olduğunu bütün dünyaya sübut etdi”.