BAKI, 6 may. TELEQRAF
Azərbaycan Tacikistanın su məsələləri ilə bağlı irəli sürdüyü beynəlxalq təşəbbüsləri fəal şəkildə dəstəkləyən ölkələr sırasındadır.
Teleqraf xəbər verir ki, bunu Tacikistanın Azərbaycandakı səfiri İlxom Abduraxmon 25-28 may tarixlərində Düşənbədə keçiriləcək "Dayanıqlı inkişaf üçün su" Beynəlxalq Onillik Fəaliyyətə (2018–2028) dair 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.
Diplomatın sözlərinə görə, Tacikistan tərəfindən irəli sürülmüş bu onillik qlobal su gündəliyinin təşviqi istiqamətində ardıcıl səylərin davamıdır:
"Tacikistanın bütün təşəbbüsləri beynəlxalq səviyyədə konsensus əsasında qəbul olunur. Məmnuniyyətlə bildirmək istərdim ki, Azərbaycan Tacikistanın su təşəbbüslərini dəstəkləyən ölkələrdən biri olmuşdur. Bu tərəfdaşlıq su çatışmazlığı, buzlaqların əriməsi və ekoloji dayanıqlığın təmin olunması kimi qlobal problemlərin həllində mühüm rol oynayır".