BAKI, 1 may. TELEQRAF

Ermənistan və Azərbaycan arasında sülh prosesi mərhələli şəkildə irəliləyir və bu, Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradır.

Teleqraf xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun üzvləri ilə Qarabağ Universitetində keçirilən görüşdə deyib.

Hikmət Hacıyev bildirib ki, tərəflər arasında iqtisadi-ticarət əlaqələri, sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də nəqliyyat-kommunikasiya xətlərinin açılması kimi istiqamətlər üzrə müzakirələr davam edir.

Prezidentin köməkçisi qeyd edib ki, artıq praktiki addımlar müşahidə olunur. O cümlədən tranzit imkanlarının genişlənməsi və bəzi malların daşınması ilə bağlı yeni mexanizmlərin formalaşması bu prosesin tərkib hissəsidir.

O vurğulayıb ki, sülh prosesi çətin və məsuliyyətli mərhələdir, tərəflərin siyasi iradəsi regionda uzunmüddətli sabitlik üçün əsas baza yaradır.