BAKI, 6 may. TELEQRAF

Bakının Nərimanov rayonunda dondurulmuş yarımfabrikatların emalı müəssisəsinın qida təhlükəsizliyi qeydiyyatından keçmədən qanunsuz fəaliyyət göstərdiyi məlum olub.

Teleqraf xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, müəssisə F.Yusifov küçəsi 61 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Ağcayev Rasim Abdulla oğluna məxsus olub.

"Müəssisədə emal zamanı texnoloji ardıcıllıq prinsipinin pozulduğu, yarımfabrikatlar üçün sürətli dondurma avadanlığının olmadığı, soyuducu rəflərinin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin aparılmadığı müəyyən edilib. Dondurucu kameralarda saxlanılan yarımfabrikat məhsullarının etiketlənmədiyi və emal tarixləri barədə qeydlərin aparılmadığı aşkarlanıb.

Nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib. Məhsullardan nümunələr götürülərək mikrobioloji göstəricilərin və ətin mənşəyinin yoxlanılması məqsədilə laborator müayinələrə cəlb olunub", - məlumatda qeyd olunub.