BAKI, 6 may. TELEQRAF

2020-ci ilin aprelində Azərbaycan quraqlıq riski olan ölkələr siyahısında 18-ci yerdə qərarlaşsa da, hazırda ölkəmiz bu sahədə daha yaxşı vəziyyətdədir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Strategiya, beynəlxalq əməkdaşlıq və elm şöbəsinin rəisi Riad Axundzadə 25-28 may tarixlərində Düşənbədə keçiriləcək "Dayanıqlı inkişaf üçün su" Beynəlxalq Onillik Fəaliyyətə (2018–2028) dair 4-cü Yüksək Səviyyəli Beynəlxalq Konfransa hazırlığa həsr olunmuş brifinqdə bildirib.

O qeyd edib ki, İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycan öz su resurslarına yenidən çıxış əldə edib:

"Daxili yerüstü su ehtiyatlarımızın 25 faizdən çoxu Qarabağda formalaşır. İşğaldan azad edilmiş ərazilərdə dərhal infrastruktur layihələrinə başlanılıb. Suqovuşan, Köndələnçay, Tərtərçay suvarma kanalı və Zabuxçay su anbarı artıq tamamlanıb. Həkəriçay və Bərgüşadçay su anbarlarının tikintisi isə davam edir".

R.Axundzadə qeyd edib ki, layihələr təkcə Qarabağla məhdudlaşmır:

"Qəbələdə Yengicə, Şəkidə Əlicançay su anbarlarının inşası, Yuxarı Şirvan və Yuxarı Qarabağ kanallarının yenidən qurulması istiqamətində aktiv işlər aparılır".