BAKI, 5 may. TELEQRAF
Bakıda Polşanın 3 May- Konstitusiya Günü münasibətilə rəsmi qəbul keçirilib.
Teleqraf xəbər verir ki, tədbirdə rəsmi şəxslər, xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərləri və tanınmış ictimai xadimlər bir araya gəliblər.
Mərasim hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə açıq elan olunub.
Tədbirdə çıxış edən Polşanın Azərbaycandakı səfiri Pavel Radomski qonaqları salamlayaraq bu günün əhəmiyyətini vurğulayıb.
O, həmçinin Polşa və Azərbaycan arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu, ölkəsinin Azərbaycanla Ermənistan arasında sülh prosesini və regionda sabitliyin bərqərar olmasını tam dəstəklədiyini bildirib.
Səfir qeyd edib ki, Polşa bir Aİ üzvü kimi Bakı və Brüssel arasındakı artan əməkdaşlığı, o cümlədən Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın bu gün Azərbaycana səfərini yüksək qiymətləndirir.
Azərbaycan tərəfindən tədbirin fəxri qonağı olan xarici işlər nazirinin müavini Fariz Rzayev çıxış edərək hər iki ölkə arasındakı əməkdaşlığın dərin tarixi köklərə söykəndiyini qeyd edib.
Nazir müavini vurğulayıb ki, bu gün Azərbaycan və Polşa arasında siyasi, iqtisadi və humanitar sahələrdə strateji tərəfdaşlıq uğurla davam edir.
Sonda Azərbaycanın bu dostluq və tərəfdaşlıq münasibətlərini gələcəkdə daha da inkişaf etdirmək əzmində olduğu bir daha diqqətə çatdırılıb.
FOTO: Elnur Muxtar