BAKI, 6 may. TELEQRAF
Mərkəzi Bank həm “MasterCard”, həm “Visa” ilə tariflərin azaldılması ilə bağlı müzakirələr aparılır. Biz öz tərəfimizdən tariflərin sərt azaldılmasını tələb edirik.
Teleqraf xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov faiz dəhlizinin parametrləri barədə qərarın açıqlanmasın dair mətbuat konfransında deyib.
O qeyd edib ki, son illərdə tariflər kəskin artırılıb:
“Biz bunun səbəbini başa düşmürük. Həm “MasterCard”, həm də “Visa” tərəfdaşlıq göstərir və söz veriblər ki, təkliflərini növbəti həftə və ya aylarda təqdim edəcək. Biz sözsüz ki, bunu gözləmirik və artıq ilin əvvəlindən ölkədə geniş miqyasda QR ödənişlərin qəbul edilməsi infrastrukturu yayılıb. Bu və ya gələn ayın axırına kimi əksər sahibkarlıq subyektləri QR ödənişlərini qəbul edəcəklər. Bu sözsüz ki, tariflərin kəskin azaldılmasını təmin edəcək, çünki QR ödənişləri artıq “MasterCard” və ya “Visa” ilə yox, Ani Ödəniş Sistemləri ilə aparılacaq. QR ödənişlərindən həm fərdi şəxslər, həm də hüquqi şəxslər istifadə etsə, “MasterCard” və “Visa”dan asılılığımız azaldılacaq”.