BAKI, 6 may. TELEQRAF

Tacikistan Azərbaycanın ev sahibliyi etdiyi bütün beynəlxalq tədbirlərə və mühüm sammitlərə hər zaman ən yüksək səviyyədə qatılır.

Bunu Teleqraf-a açıqlamasında Tacikistanın Azərbaycandakı səfiri İlxom Abduraxmon deyib.

Səfir qeyd edib ki, diplomatik korpusun tərkibində işğaldan azad edilmiş ərazilərə səfəri zamanı regionun simasının necə sürətlə dəyişdiyinin şahidi olub:

"Biz bu yaxınlarda Qarabağda olduq və oradakı inkişafın tempini öz gözlərimizlə gördük. Təkcə Bakıda deyil, regionlarda da yollar və infrastruktur çox sürətlə yenilənir. Bu baxımdan, Azərbaycanda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu (WUF13) bizim üçün böyük əhəmiyyət kəsb edir.

Tacikistan bu forumda yüksək səviyyədə təmsil olunacaq. Çünki həm Düşənbədə, həm də Bakıda müasir binaların inşası və infrastrukturun təkmilləşdirilməsi hər iki ölkə üçün prioritetdir".