BAKI, 6 mart. TELEQRAF
Xarici işlər naziri Ceyhun Bayramov ilə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı olub.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Telefon danışığı zamanı nazirlər regionda baş verən son hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Tərəflər narahatlıqlarını ifadə edərək gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edib, sabitlik və təhlükəsizliyin təmin edilməsinin əhəmiyyətini vurğulayıblar.
Nazir Ceyhun Bayramov erməni həmkarını 5 mart tarixində Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına qarşı həyata keçirilən, mülki infrastruktura ziyan vurulması və mülki şəxslərin xəsarət alması ilə nəticələnən dron hücumları barədə məlumatlandırıb.
Nazirlər Ermənistan və Azərbaycan arasında dayanıqlı sülhün təmin edilməsinin vacibliyini qeyd edib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.