BAKI, 23 fevral. TELEQRAF

Vergi Məcəlləsində, “Banklar haqqında” və “Gömrük tarifi haqqında” qanunlarda dəyişiklik edilib.

Teleqraf xəbər verir ki, bununla bağlı İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, WUF13-ün yüksək səviyyədə təşkili zərurətindən irəli gələrək, həmin tədbirlə əlaqədar qeyri-rezident şəxslərə bir sıra vergi azadolmaları tətbiq ediləcək.

Bu azadolmalara aşağıdakılar aiddir:

- WUF13 çərçivəsində malların təqdim edilməsinə, işlərin görülməsinə və xidmətlərin göstərilməsinə cəlb olunmuş qeyri-rezident fiziki şəxslərin bu fəaliyyət çərçivəsində əldə etdikləri gəlirlər (gəlir vergisi üzrə azadolma);

- qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunmasına, yaxud istifadə hüquqlarının verilməsinə görə müqavilə əsasında qeyri-rezident hüquqi şəxsə ödənilən royalti gəlirləri (mənfəət vergisi üzrə azadolma);

- qeyri-rezident hüquqi şəxslər tərəfindən işlərin görülməsindən və xidmətlərin göstərilməsindən əldə edilən gəlirlər (mənfəət vergisi üzrə azadolma);

- müqavilə əsasında qeyri-rezident şəxslər tərəfindən işlərin görülməsi və xidmətlərin göstərilməsi, habelə müvafiq təsdiqedici sənəd əsasında malların idxalı (ƏDV üzrə azadolma).

Bütün vergi güzəşt və azadolmaları müvafiq təsdiqedici sənəd əsasında və bir il müddətinə (2025-ci il sentyabrın 1-dən 1 il müddətinə) tətbiq olunacaq.