BAKI, 18 fevral. TELEQRAF
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Ermənistan tərəfi son zamanlar sülh sazişinin konstitusiya dəyişikliyindən öncə imzalanması və “sülh qovşağı” kimi absurd məsələləri daha çox gündəmə gətirməyə çalışır. Rəsmi İrəvan bununla nə demək istəyir?
- Bu kimi yanaşmaların eşidilməsi Ermənistanda bu ilin yayında keçiriləcək parlament seçkiləri öncəsi ritorika ilə bağlıdır. Bəllidir ki, erməni cəmiyyətində həmişə dağıdıcı ritorikadan çıxış edənlər var. Bu onların ənənəvi xəstəliyi ilə əlaqəlidir. Onlar az qala özlərinin rolunu hər gün daha çox şişirtməyə çalışır. Bu isə diaspor psixologiyası ilə bağlıdır. Ona görə də bu psixologiyanı nəzərə alaraq iqtidar və ona müxalif olan qüvvələr bir-birinin qarşısında daha radikal, “vətənpərvər” və s. mövqelərdən çıxış edir. Bununla da xəstə cəmiyyətin səsini qazanmaq niyyətləri var.

- Bununla nə isə dəyişəcəkmi? Onlar nəyə ümid edirlər?
- Bəllidir ki, dəyişən heç nə olmayacaq. Ümidləri də odur ki, bəlkə Azərbaycan öz mövqeyini dəyişəcək və s. Azərbaycan isə Ermənistanla yekun sülh sazişi imzalamadan da yaşaya bilər. Çünki Azərbaycanın təhlükəsizliyini təmin edəcək tək saziş bu deyil. Dövlətimizin gücü burada əsas əhəmiyyət kəsb edən amildir. Artıq sülh sazişinin ilkin variantı paraflanıb. Bunun da mühüm tərəfləri artıq işə düşüb. Gələcəkdə isə Ermənistanda sülhə meyilli qüvvələr daha da güclənəcək. Beləliklə, yekun sülh sazişinin imzalanması da mümkün olacaq.
- Zəngəzur dəhlizinin (Tramp marşrutu) işə düşməsinin heç də sakit tərzdə baş verməyəcəyi ilə bağlı da iddialar səslənir. Prosesin yubanmasında maraqlı olan tərəflərin bu məsələdə təsir imkanları nə qədərdir?
- ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bölgəyə səfəri çərçivəsində Ermənistanda bu mövzuya aid heç bir irəliləyiş baş vermədi.
- Bu irəliləyiş nədən ibarətdir?
- Bölgəni nəzarət altında saxlayan Rusiyadır. Zəngəzurdan keçən hissədə yəni, İranla Ermənistan sərhədində rus əsgərləri keşik çəkir. Həmçinin bu bölgədən keçən dəmir yolu hüquqi baxımından Azərbaycana məxsusdur. Vaxtilə Azərbaycana məxsus olan və həmin bölgədən keçən dəmir yolu şəbəkəsi Rusiya tərəfindən mənimsənilib. Ermənistan bu yolu ümumiyyətlə Rusiyaya satıb. Maraqlısı isə odur ki, ümumiyyətlə Ermənistanın özü bu məsələdə hüquqlarını "bərpa etmək istəyirmi" anlayışı açıq qalır.

- Rəsmi İrəvan bununla bağlı hansı addımı atmalıdır?
- İndiyə qədər Zəngəzur dəhlizinin açılmasından danışılır. Amma heç kəs orada sərhəddə dayanan rus əsgərinin bölgədən çıxacağına dair bir bəyanat eşitməyib. Sadəcə olaraq, bir dəfə Baş nazir Nikol Paşinyan deyib ki, “ruslardan xahiş edəcəyik, onlar ayrı bir yerdə dəmir yolunu bərpa etsin" və s. Amma bundan sonra onlardan bir səs çıxmayıb. Vaşinqtonda gedib həmin dəhlizin açılması ilə bağlı sənədə imza atırlar, digər məsələlərdən danışırlar, yekunda isə gedib öz işlərini görmürlər.
- Belə olan halda dəhlizin açılmasında əsas məsuliyyət və söz sahibi olan ABŞ Rusiya ilə necə dil tapacaq?
- Doğrusu bunu da başa düşmək olmur ki, onların taktikası nədən ibarətdir. Azərbaycan tərəfi də Vaşinqtonda əldə edilən razılaşmalara sadiq olduğunu bildirib. Amma Ermənistan tərəfindən heç bir hərəkət yoxdur. Sadəcə olaraq ABŞ tərəfi ilə danışıqlar aparırıq deyirlər. Bəs ruslarla danışıqları kim aparır? Çünki 1992-ci ildən orada rus əsgəri dayanır. Maraqlıdır ki, orada dayanan rus əsgərləri öz səlahiyyətlərini amerikalılara necə verəcək? Yoxsa, təhlükəsizliyi onlar birlikdə təmin edəcəklər? Ermənistan orada dəmir yolu xəttinin 76 faizini ABŞ-yə məxsus şirkətə verib. Amma bu heç onun özünə belə məxsus deyil.