BAKI, 14 aprel. TELEQRAF
“Azərbaycan Respublikası Hökuməti ilə Efiopiya Federativ Demokratik Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılıb.
Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini videokonfrans formatında keçirilən iclasında müzakirə olunub.
Azərbaycanla Efiopiya arasında mövcud olan dostluq əlaqələrini nəzərə alaraq, suverenliyin, müstəqilliyin, ərazi bütövlüyünün və dövlət sərhədlərinin toxunulmazlığının qarşılıqlı şəkildə dəstəklənməsinin iki dövlət arasında əlaqələrin əsasını təşkil etdiyi qəbul edilir. Eyni zamanda hər iki dövlət müdafiə sahəsində əməkdaşlığın tərəflərin milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə uyğun olduğu və hər hansı üçüncü tərəfə qarşı yönəlmədiyi təsdiq olunur.
Həmçinin bununla Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin məqsəd və prinsiplərinə, beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına sadiqlik bəyan edilir.
Sözsüz ki, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın beynəlxalq sülh və sabitliyi təşviq etdiyi təsdiq olunur.
Beləliklə tərəflər hərbi təhsil, məşq və təlimlər, mülki-hərbi əməkdaşlıq, sülhməramlı və humanitar əməliyyatlar, maddi-texniki təminat məsələlərində əməkdaşlıq edəcək.
Məsələ müzakirə edildikdən sonra parlamentin plenar iclasına tövsiyə olunub.