BAKI, 14 aprel. TELEQRAF

“Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Teleqraf xəbər verir ki, bu məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsini videokonfrans formatında keçirilən iclasında müzakirə olunub.

Beləliklə məhkəmə aktlarının, səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının icrası zamanı insan və vətəndaş hüquqlarının və azadlıqlarının, dövlət və digər orqanların, təşkilatların qanuni mənafelərinin müdafiəsini təmin etmək məqsədilə əməkdaşlığın dərinləşdirilməsinə mühüm əhəmiyyət veriləcək.

Həmçinin tərəflərin qanunvericiliyi ilə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin məhkəmə aktlarının, səlahiyyətli orqanlarının və vəzifəli şəxslərinin aktlarının məcburi icrası üzrə funksiyalarının həyata keçirilməsi həvalə edilmiş orqanların fəaliyyətinin təkmilləşdirilməsi zərurəti nəzərə alınacaq.

Bununla da tərəflərin qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyinə əsaslanaraq, məcburi icra sahəsində məlumat mübadiləsi ilə bağlı razılığa gəlinəcək.

Eyni zamanda tərəflər - icra sənədlərinin məcburi icrası prosedurlarını həyata keçirərkən məlumat mübadiləsi (bundan sonra - sorğu) barədə sorğu ilə müraciət edə biləcək. İcra sənədi - məhkəmə, səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən verilmiş, həmçinin notarial qaydada təsdiq edilmiş, tərəfin qanunvericiliyinə uyğun olaraq məcburi icra orqanı tərəfindən icra edilməli olan sənəd kimi qəbul olunacaq.

Saziş çərçivəsində həmçinin məlumat mübadiləsinin məqsədi icra sənədlərinin məcburi icrasının təmin olunması, habelə onların icrası zamanı hüquqi yardım mexanizmlərindən istifadənin səmərəliliyinin artırılması mümkün olacaq.

Bununla yanaşı, tərəflərin məcburi icra orqanları məcburi icra prosedurlarını həyata keçirərkən məlumatları mübadilə edə biləcəklər.

Mövzu ilə bağlı digər məsələlər də müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə edilib.