BAKI, 13 aprel. TELEQRAF
Macarıstanda keçirilən parlament seçkilərində “Tisa” partiyasının lideri Peter Madyar xarici dövlət və təşkilat rəhbərlərindən qələbə münasibətilə təbriklər almağa başlayıb.
Teleqraf xəbər verir ki, Madyar sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, onu telefonla Almaniya kansleri Fridrix Merts və NATO-nun baş katibi Mark Rütte təbrik ediblər.
Avropa paytaxtlarından daxil olan məlumatlara görə, Madyara təbrik ünvanlayan digər liderlər arasında Fransa prezidenti Emmanuel Makron da var. Bildirilir ki, “Tisa” lideri siyasi mübarizədə bir sıra Avropa siyasətçilərinin, o cümlədən Avropa İttifaqı rəhbərliyinin dəstəyini qazanıb.
Məlumata görə, səslərin 81,49 faizinin hesablanmasından sonra “Tisa” partiyası parlamentdə 199 yerdən 137-ni qazanaraq konstitusion çoxluq əldə edir. Hakim koalisiyanın əsasını təşkil edən Viktor Orbanın rəhbərlik etdiyi “Fides – Macarıstan Vətəndaş İttifaqı” və tərəfdaşları isə 55 mandatla kifayətlənir. “Bizim Vətən” partiyası 7 yer qazanır, digər siyasi qüvvələr isə 5 faizlik baryeri keçə bilməyərək parlamentdən kənarda qalır.
Qeyd edək ki, yeni çağırış parlamentin ilk iclasının mayın əvvəlində keçirilməsi gözlənilir. Hökumət başçısının həmin iclasda seçilməsi planlaşdırılır və bu vəzifəyə əsas namizəd Peter Madyardır. Tarixi ölkə prezidenti Tamaş Şuyok müəyyən edəcək.