BAKI, 9 yanvar TELEQRAF
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Mətin bəy, ölkə başçısının yerli televiziya kanallarına müsahibəsində Azərbaycanın xarici siyasət strategiyası ilə bağlı əsas istiqamətlər bir daha bəyan edildi. Bu kontekstdə xarici siyasətlə bağlı qarşıda duran əsas hədəfləri necə xarakterizə etmək olar?
- Prezident İlham Əliyevin sonuncu müsahibəsində açıqladığı fikirlərdən aydın olur ki, Azərbaycan özünün balanslaşdırılmış çoxvektorlu, milli maraqlara söykənən xarici siyasətini 2025-ci ildə də davam etdirib. Bu siyasət bundan sonra da davam etdiriləcək. Ölkə başçısı da Azərbaycanın xarici siyasətinin ayrı-ayrı aspektlərinə toxundu. Azərbaycanın ABŞ, Çin, İslam dünyası, “D-8” təşkilatı ilə münasibətləri dövlət başçısı tərəfindən xüsusi ilə qeyd olundu. Sözsüz ki, xarici siyasətdə həyata keçirilən bu kurs Azərbaycanın milli maraqlarına tam uyğundur.

- Azərbaycan-ABŞ münasibətlərində artıq yeni bir mərhələnin başlandığı vurğuladı. İki ölkə arasında daha çox hansı istiqamətlərdə əlaqələrin inkişafı ilə bağlı sıx təmasların olacağı gözlənilir?
- Ölkə başçısı da Azərbaycanla Amerika arasındakı münasibətlərdə 2025-ci ili dönüş kimi xarakterizə etdi. Bu da təsadüfi deyil. Çünki sabiq ABŞ Prezidenti Cozef Bayden administrasiyası dövründə iki ölkə arasında münasibətlər xeyli dərəcədə korlanmışdı. Bunun da əsas səbəbi Bayden administrasiyasının və ondan əvvəlki Barak Obama hakimiyyətinin bu regionda həyata keçirdiyi siyasət idi. Ölkə başçısı da müsahibəsində Azərbaycanla ABŞ arasında münasibətlərin tarixinə ekskursiya etdi. Bildirildi ki, iki ölkə arasındakı münasibətlərin korlanmasının əsas səbəbkarı Prezident Donald Trampdan əvvəlki administrasiyalar olub.
- Bayden administrasiyası dövründə Azərbaycana qarşı həyata keçirilən yanlış siyasət nədən ibarət idi?
- Post-münaqişə dövrünün qərarlarına Bayden administrasiyası qərəzli, ədalətsiz yanaşır, Ermənistan mərkəzli siyasət həyata keçirirdi. Bu da sözsüz ki, Azərbaycanla ABŞ arasında münasibətləri korlamış oldu. Tramp hakimiyyətə gəldikdən sonra yeni ABŞ administrasiyası daha rasional və praqmatik siyasət həyata keçirir. Bu da Bakı-Vaşinqton münasibətlərinin normallaşmasına imkan yaradıb.
.jpg)
- Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması, regional kommunikasiya xətlərinin açılmasına beynəlxalq birliyin münasibəti necədir?
- Ölkə başçısı da 2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən görüşün əhəmiyyətini bir daha diqqətə çatdırdı. Bu görüşdə Azərbaycan və Amerika prezidentləri, Ermənistanın Baş naziri arasında olduqca vacib razılaşmalar əldə olundu. Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması, iki ölkə liderinin birgə bəyanatının qəbul olunması, Zəngəzur dəhlizinin (TRİPP layihəsinin) həyata keçirilməsi ilə bağlı razılaşmanın əldə olunması mühüm nailiyyətlərdən idi. Bu mənada Vaşinqton görüşü əslində iki ölkə arasındakı münasibətlərdə dönüş kimi xarakterizə oluna bilər. Məhz bundan sonra da Azərbaycan Amerika ilə münasibətlərə xüsusi önəm verir. Bunun fonunda iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün konkret addımlar atılır. Bu müsbət dinamika mühüm nəticələrlə müşahidə olunacaq.

- Azərbaycan-Çin əlaqələrinin inkişafı ilə bağlı atılan addımlar nədən ibarətdir?
- Ölkə başçısı da müsahibəsində Çinlə münasibətlərə xüsusi olaraq toxundu. Qeyd edildi ki, Çin qlobal dünyanın ən böyük güc mərkəzlərindən biridir. Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq bəyannaməsinin imzalanması bu mənada tarixi hadisədir. Ölkəmiz Çinlə də münasibətləri normallaşdırmaqla özünün siyasi, iqtisadi və digər maraqlarını təmin etməyə çalışır. Azərbaycan həmçinin xarici siyasətində həm də balansı qorumuş olur. Eyni zamanda “D-8” təşkilatı ilə Azərbaycan arasında münasibətlər yeni səviyyədədir. Bu təşkilata İslam dünyasının ən böyük dövlətləri daxildir. Azərbaycan məhz İslam dövlətlərinin dəvəti ilə bu təşkilata üzv olması faktı özlüyündə ölkəmizin beynəlxalq münasibətlər sistemində nüfuzunun təsdiqi kimi qiymətləndirilir.