BAKI, 5 dekabr. TELEQRAF
"Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə sabiq ali nümayəndəsi Federika Moqerinin, ondan əvvəl isə ABŞ-də senator Robert Menendesin məhz korrupsiya ittihamı ilə məsuliyyətə cəlb edilməsi heç də birməanlı deyil. Bu, hələ aysberqin görünən tərəfidir. Təəssüf ki, Avropanın strukturlarında, Avropa Parlamentində və digər aparıcı siyasi institutlarda belə hadisələr müşahidə edilir".
Bunu Teleqraf-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Komitə sədri bu məsələ ilə bağlı zaman-zaman fikirlər ifadə olunduğunu söyləyib: “Bizlər də vurğulamışıq ki, bu kimi şəxslərin Azərbaycana və regionda gedən proseslərə qarşı olan ikili standartlarının əsasında korrupsiya elementləri var. Çünki ikili standart özü korrupsiyanın mənbəyi, özəyidir. Əgər dəyərlər haqqında danışılırsa və mövqe tam açıqdırsa, bu halda ikili standart ola bilməz. Bu mənada baş verən son hadisələr bir daha göstərdi ki, ikili standartlar müstəvisində ortaya çıxan amillər birbaşa korrupsiya ilə bağlıdır”.

Səməd Seyidov hesab edir ki, Azərbaycanın gördüyü işlər, yaratdığı yeni reallıq yalnız regionu deyil, ondan kənarda da mühüm yenilikləri özündə ehtiva edir: “Bu gün bölgədə yeni mühit formalaşır. Azərbaycanla Ermənistan arasında sülh müstəvisində normallaşma prosesi gedir. Rəsmi Bakı bu istiqamətdə ciddi təşəbbüslərlə çıxış edir. Bütün bunların fonunda Azərbaycanın yaratdığı yeni reallıq Qərb institutlarının görmək istəmədikləri, bəyan etmək niyyətində olmadıqları və uzun müddət gizlətdikləri faktları açmış oldu”.

“Vaxtilə məhz bu qüvvələr ərazisi işğal edilmiş dövləti işğalçı kimi elan etdikdə, bir milyon qaçqın və məcburi köçkünü olan ölkəni hansısa insan haqlarının pozulmasında günahlandıranda bilməliydilər ki, bu “addımların”, cinayətlərin üstü gec-tez açılacaq. Azərbaycan məhz qanunun aliliyini və yeni reallığı bölgəyə gətirərək bu proseslərin həmin beynəlxalq strukturlarda başlamasına nail oldu. Beləliklə, 30 ilə yaxın mövcud olmuş ATƏT-in Minsk qrupu artıq tarixin arxivinə qovuşub. Çünki bu təşkilat ikili standartlarla yaşayıb və onun təmsilçiləri yaxşı maaş alıb heç bir iş görməyib. Bununla yanaşı onlar birtərəfli mövqe sərgiləyib, işğalçının maraqlarını müdafiə etməklə məşğul olub. Eyni proses Avropa Şurasında, Avropa Parlamentində də baş verib. İndi də onlar həmin yanaşmaların fəsadlarını yaşayırlar. Vaxtilə, ABŞ-in sabiq prezidenti Cozef Bayden də eyni yanaşma ilə çıxış edirdi ki, bu Azərbaycan-Amerika münasibətlərinə böyük zərbə oldu. ABŞ-nin yeni Prezidenti Donald Trampın isə ikili standartlardan kənar dayanması, USAİD, “Amerikanın səsi”, saxta xəbərlər və korrupsiya ilə bağlı mövqe sərgiləməsi proseslərin normal məcrada inkişafına imkan yaratdı”, - Səməd Seyidov vurğulayıb.
Qeyd edək ki, Avropa Prokurorluğu Federika Moqerini, onun müavini Çezare Zeqretti və Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) sabiq baş direktoru Stefano Sannini barəsində cinayət işi başladıb. Onlar satınalmalarda dələduzluq, korrupsiya, maraqların toqquşması və xidməti sirlərin pozulmasında təqsirləndirilir.