BAKI, 28 noyabr. TELEQRAF
"8 avqustdan sonra sülh prosesində müşahidə etdiyimiz dinamika onu göstərir ki, Azərbaycan regionda dayanıqlı inkişafı, qarşılıqlı etimadı və uzunmüddətli təhlükəsizliyi təmin edən real addımlar atır. Bakı nəinki deklarativ bəyanatlarla kifayətlənmir, əksinə, əməli fəaliyyət, konkret təşəbbüslər və beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə prosesə töhfə verir. Məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qətiyyətli siyasəti nəticəsində bu gün Cənubi Qafqazda yeni geosiyasi reallıq formalaşıb".
Bu fikirləri Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı Günay Ağamalı deyib.
Deputatın sözlərinə görə, Azərbaycandan fərqli olaraq Ermənistan tərəfi hələlik real mexanizmlər üzərində hər hansı bir əməli fəaliyyət icra etmir: “Təbii ki, bunun da müxtəlif səbəbləri mövcuddur. Ermənistanda daxili siyasi ziddiyyətlər kəskin şəkildə artıb və ölkə mütəmadi olaraq xarici qüvvələrin təsirinə məruz qalır. Aydındır ki, bunun əsas səbəbkarı məhz bu vaxta qədər Ermənistanı idarə edən şəxslərin ölkəni forpost halında idarə etməsi olub. İndi qarşıdan parlament seçkiləri gəlir və prosesin gərgin keçəcəyi bəllidir. Öz növbəsində Nikol Paşinyan və komandası hazırda seçkilərə fokuslanmış vəziyyətdədir və çox güman ki, seçkilərdən sonra referendum və Vaşinqton razılaşmalarının həll edilməsinin şahidi olacağıq. Çünki burada təminatçı ölkə ABŞ-dir və istənilən geri çəkilmə İrəvana baha başa gələ bilər”.

Günay Ağamalı hesab edir ki, Azərbaycanın sülh mövqeyi bəllidir və dəyişməzdir: “Biz sülhün tərəfdarıyıq, lakin bu sülh birtərəfli güzəştlərə deyil, qarşılıqlı hörmətə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünün qeyd-şərtsiz tanınmasına əsaslanmalıdır. Ermənistan rəhbərliyi anlamalıdır ki, Bakı ilə münasibətləri normallaşdırmaq onların tək çıxış yoludur. Hazırkı dövrdə regionu irəli aparan yeganə yol reallığı qəbul etmək və Azərbaycanın təklif etdiyi sülh modelini konstruktiv şəkildə dəyərləndirməkdir. Azərbaycan öz suverenliyini təmin etmiş, gücünü sübut etmiş dövlətdir. Bizim üçün sülh qətiyyətin, məsuliyyətin və güclü dövlət iradəsinin ifadəsidir. Ermənistan ya bu reallığa uyğunlaşacaq, ya da öz köhnə narrativlərə qayıdacağı təqdirdə onların girovuna çevriləcək və regiondakı proseslərdən kənarda qalacaq”.