BAKI, 20 noyabr. TELEQRAF

"Bu gün aparılan büdcə müzakirələri bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasi kursun mərkəzində Azərbaycan vətəndaşı, onun rifahı və təhlükəsizliyi dayanır. Təqdim edilən büdcə layihəsi sosial yönümlülüyü, iqtisadi dayanıqlığı və strateji prioritetləri ilə dövlətimizin uzunmüddətli inkişaf xəttini əks etdirir".

Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə gələn ilin büdcə zərfinin müzakirəsi zamanı Günay Ağamalı deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sistemli və ardıcıl islahatlar nəticəsində Azərbaycanın daxili siyasəti yeni bir mərhələyə qədəm qoyub: “Növbəti il üçün nəzərdə tutulan büdcə ölkəmizin sosial rifahını, iqtisadi dinamizmini və milli təhlükəsizliyini təmin edən strateji yol xəritəsidir. İşsizliyin azaldılması, sosial müdafiə mexanizmlərinin gücləndirilməsi, minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılması dövlətin vətəndaşına verdiyi dəyərin real göstəriciləridir.

Ölkəmizin bütün bölgələri sürətlə inkişaf edir. Qeyri-neft sektorunun genişlənməsi, yeni sənaye zonalarının yaradılması, kənd təsərrüfatında modern yanaşmalar və rəqəmsal transformasiya sahəsində atılan addımlar Azərbaycan iqtisadiyyatına yeni nəfəs gətirib. Eyni zamanda işğaldan azad olunmuş torpaqlarda quruculuq işləri, enerji stansiyalarının tikintisi və istehsal müəssisələrinin fəaliyyətə başlaması bütövlükdə ölkənin sosial-iqtisadi sistemini yeni mərhələyə yüksəldir".

Deputat bildirib ki, Azərbaycanın daxili siyasətində əsas məqsəd güclü dövlət və firavan xalq prinsipinin tam şəkildə təmin edilməsidir: “Bu büdcə layihəsi məhz həmin prinsipin praktiki ifadəsidir. Dövlətimizin həyata keçirdiyi sosial ədalət siyasəti, bərabər imkanların yaradılması və vətəndaş rifahının yüksəldilməsi bundan sonra da strateji prioritet olaraq qalacaqdır".