BAKI, 13 dekabr. TELEQRAF
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Səməd müəllim, Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış sənədin mahiyyəti nədən ibarətdir? Azərbaycana qarşı heç bir əsası olmayan məsələlərin həmin sənəddə əksini tapması beynəlxalq hüquq müstəvisində necə şərh oluna bilər?
- Bu gün Avropanın ən böyük problemi öz aləmlərində yaratdıqları xülyalardan, “dəyərlərdən” əl çəkə bilməməsidir. Hazırda Avropada gedən proseslər də bunu bir daha göstərmiş olur. Söhbət yalnız Azərbaycana olan yanaşmadan getmir. Avropa - ABŞ münasibətlərində, Avropanın Ukrayna məsələsindəki mövqeyində, dünya ölkələri ilə əlaqələrdə ciddi problemlər var. Bütün bunlar Avropanın daxilində öz “avrosentrist” mövqeyindən əl çəkə bilməyən qüvvələrin mahiyyətindən irəli gəlir. Onlar hesab edirlər ki, “fikirləşdikləri”, “düşündükləri”, “təqdim etdikləri” məsələlər həqiqətə malikdir. Bu isə müasir dünyada işləməyən bir “düsturdur”. Azərbaycan isə bu “düsturun” işlək olmadığını ilk dəfə sübut edən ölkə oldu. Yeni reallığın yaradılması, regiona fərqli ab-havanın gətirilməsi və sülh istiqamətində konkret addımların atılması, faktiki olaraq illər boyu Azərbaycana tətbiq edilməyə çalışılan “düsturların” üzərindən xətt çəkdi.
_(4).jpg)
- Sizcə, köhnə qaydaların indiki halda işə salınması nədən xəbər verir?
- Avropadakı bəzi qüvvlər köhnə narrativlərin müasir sistemə daxil etmək cəhdlərini əldən buraxmır. Beləliklə də, özlərinə problem yaradırlar. Sözsüz ki, getdikcə bu məsələ özünü daha qabarıq şəkildə göstərəcək. Onlar daha çətin və problemli vəziyyətə düşəcəklər.
- Problemli vəziyyət nə deməkdir?
- Onların mövqeyi ilə hesablaşan təşkilatların, qurumların, dövlətlərin, siyasətçilərin sayı getdikcə azalacaq. Artıq Avropa bu böhranın içindədir. Ukrayna məsələsində sağa-sola edilən həmlələr də bunu təsdiqləyir. Çünki, nəticədə həlledici oyunçular onların istədiyi məsələyə diqqət yetirmirlər.

- Azərbaycanla münasibətlərin inkişafına dair bəyanatlar səsləndirən Avropa İttifaqının ziddiyyətli məsələlərin içərisində yer almasına səbəb nədir?
- Sözsüz ki, bu cür ritorika ilə Azərbaycanla münasibətlərin inkişafından danışmaq çətindir. Ermənistan tərəfinin özü də bu məsələdə ziyanla üzləşəcək. Çünki onlar da bilir ki, bu cür məsələlər sülh prosesinə zərər vuracaq. Bunu bilə-bilə Ermənistan tərəfi həmin “təşəbbüslərə” qoşulur.
- Rəsmi İrəvanın sülh prosesinə zərbə vuracaq prosesə qoşulması nədən xəbər verir?
- Ermənistanın indiki siyasəti kim nə deyirsə, ona da “hə” deyim siyasətinə əsaslanır. ABŞ, Rusiya, Avropa nə deyirsə, ona “hə” deyən İrəvanın davranışları heç də konstruktiv deyil. Bunun fonunda Ermənistan rəhbərliyindən sülh və digər mövzulara dair müsbət mesajlar eşidilir. Bu yaxşı əlamətlərdir. Ancaq bu müsbət bəyanatları müdafiə və təbliğ etmək lazımdır. Müsbət bəyanatlar verib, ardınca isə hansısa təşkilatla ona ziddi olan hərəkətlər ediləcəksə, bu erməni tərəfinin sülhə nə dərəcədə sadiq olmağı ilə bağlı suallar yaradır. Təəssüf doğuran fakt məhz bundan ibarətdir. Ermənistanın Baş naziri Nikol Paşinyanın Almaniyaya səfəri zamanı sülhə dair müsbət mesajlar fonunda, ölkəsi Avropa İttifaqı ilə məlum sənədlərə imza atıb. Əgər bu sənədin daxilində Zəngəzur dəhlizi (Tramp marşrutu) yoxdursa, üçüncü qüvvələrin regionda mövcudluğu qalırsa, həmçinin Azərbaycanın ərazi bütövlüyünə hansısa formada şübhəli yanaşmalar sərgilənirsə, “hərbi əsirlər” və bölgədən könüllü şəkildə getmiş insanlara “qaçqınlar” deyilirsə, o zaman erməni tərəfinin sülh prosesinə dair nə dərəcədə səmimi olması sual doğurur.
_(1).jpg)
- Rəsmi Bakının bu kimi yanaşmalara reaksiyası nədən ibarətdir?
- Azərbaycanın apardığı siyasət bu gün bütün dairələrdə qəbul edilir. Ötən gecə ABŞ-dən səfərdən dönmüşəm və ölkəmizə olan münasibətin necə dəyişdiyini əyani şəkildə müşahidə etmişəm. Söhbət heç də hazırkı ABŞ Prezidenti Donald Tramp və “Respublikaçılar” Partiyasının yanaşmasından getmir. O cümlədən düşünən, vəziyyəti dərk edən ABŞ-dəki ciddi, siyasi, işguzar adamların mövqeyi belədir. Məhz Azərbaycanın apardığı siyasət nəticəsində real sülhün çərçivəsi, cizgiləri, əsası formalaşmağa başlayıb.
- İndiki halda sülh prosesinə qarşı çıxan qüvvələr kimlərdir?
- Bunlardan biri ABŞ-də olan və erməniləri ətrafında birləşdirən “ANKA” adlı təşkilatdır. Ermənistanın daxilində olan revanşistlər, Fransa və Rusiyada olan diaspor nümayəndələri də sülhün formalaşmasında maraqlı deyillər. Bunlar həmçinin indiki Ermənistan hakimiyyətinə qarşıdır. Nəhayət, bunları Nikol Paşinyan da görməlidir. O da dərk etməlidir ki, Ermənistan daha çox xaricdə yaşayan ermənilərin, diasporun, “ANKA” kimi təşkilatların hədəfinə çevrilib. Məhz bunun nəticəsi olaraq, Avropa İttifaqının təqdim etdiyi sənədlərə imza atacaqlarsa, bunun ziyanını da başa düşməlidirlər.