BAKI, 12 dekabr. TELEQRAF
ReAl Partiyasının sədri Natiq Cəfərli Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Natiq bəy, “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” adlı sənəddə Bakı ilə İrəvan arasındakı hazırkı sülh prosesinə ziddiyyət təşkil edən məqamlar nədən ibarətdir?
- Əslində burada sadə bir məntiq var. Ermənistan könüllü şəkildə Azərbaycan ərazisini tərk etmiş vətəndaşlarına görə Avropa İttifaqından pul almaq istəyir. Rəsmi İrəvan imzalanan sənədə məlum ifadələri salmaqla Qarabağdan öz xoşu ilə Ermənistana köç etmiş insanlar üçün Avropa İttifaqından və onun müxtəlif proqramlarından böyük həcmdə yardımlar almaq niyyətindədir. Amma Ermənistan tərəfi Azərbaycanla imzalanan sənədlərdə və açıqlanan bəyanatlarda bu məsələnin qapandığını söyləyir. Faktiki olaraq, bu gün Bakı- İrəvan xəttində aparılan danışıqlarda ümumiyyətlə bu məsələ yoxdur. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan dəfələrlə bəyan edib ki, bu məsələ bağlanıb. Ona görə də Azərbaycanla Ermənistan arasında aparılan sülh danışıqlarında bu məsələlər gündəmə gətirilmir.

- Bu kimi iddialara qarşı Azərbaycanın adekvat addımları necə ola bilər?
- Sözsüz ki, rəsmi Bakının bu kimi əsassız iddialara qarşı əlində təsirli rıçaqlar var. Ermənistan tərəfi öz maddi maraqlarına görə danışıqlara ziyan vuracaq bu tipli addımlar atan kimi Azərbaycanda da öz növbəsində Qərbi Azərbaycana qayıdış proqramı yenidən gündəmə gəlir. Bu da öz növbəsində Ermənistanda gərgin bir vəziyyət yaradır. Ona görə də bu kimi halların baş verməsi ermənilərin öz günahları ucbatındandır. Erməni tərəfi hər dəfə bu cür addımlar atdıqca Azərbaycan da beynəlxalq hüquqa uyğun olaraq vaxtilə Qərbi Azərbycandan zorla deportasiya edilmiş soydaşlarının geri dönüş haqqını gündəmə gətirir.

- Rəsmi İrəvanın bu kimi addımları Bakı ilə sülh müstəvisində atılan addımlara necə təsir edəcək?
- Bütün bunlar ona deməyə əsas verir ki, Ermənistan 5-10 manat Avropadan gələn pula aldanaraq danışıqlarda çox vacib olan məsələyə xəyanət etmiş olur. Bununla da erməni tərəfi özünə ziyan vurur. Çünki hər dəfə bu məsələ beynəlxalq müstəvidə qaldırılanda Azərbaycan tərəfinin əlində kifayət qədər məsələlər var ki, bunlarla Ermənistana təzyiq və yaxud da təsir etsin. Bu baxımdan da Ermənistanla Aİ arasında imzalanan sənədin əsas məğzi Qarabağdan könüllü şəkildə köçən insanlarla bağlı deyil. Həmin sənədin mahiyyətinə diqqətlə baxdıqda söhbətin təxmini iki yüz milyon avroya və müxtəlif yardım proqramlarından getdiyi aydın olur. Onlar daha çox maddi yardıma görə həmin bəndləri ora salmağa çalışıblar.

- Belə iddialar var ki, Ermənistan tərəfi sülh danışıqları fonunda beynəlxalq hüquq müstəvisində gələcək iddialar üçün mümkün əsaslar yaratmağa çalışır…
- Azərbaycanın bu kimi sənədlərin ortaya çıxmasına haqlı etirazı keçmiş “Dağlıq Qarabağ” və oradan guya “qaçqın düşmüş insanlar” kimi ifadələrin yer almasıdır. Bu sənəddə həmin ermənilərin Azərbaycana qayıtması məsələsi də yoxdur. Sadəcə olaraq, onların sosial durumu və Ermənistana inteqrasiyası ilə bağlı maddi yardım məsələsi mövcuddur. Azərbaycan tərəfi də haqlı olaraq etiraz edir ki, bu məsələ bağlanıbsa, niyə hansısa beynəlxalq sənəddə o “sözlər” və “ifadələr” yer almalıdır? Bütün bunların fonunda həmin sənədin danışıqlar prosesinə təsiri sıfıra bərabərdir. Burada ermənilərin əsas dərdi Avropa İttifaqından 150-200 milyon avro qoparmaqdan ibarətdir.