BAKI, 18 noyabr. TELEQRAF

Milli Məclisin sədr müavini Ziyafət Əsgərov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Ziyafət müəllim, Azərbaycanla Ermənistan arasında sülh müstəvisində əldə edilən razılaşmalar fonunda indiki situasiyanı necə dəyərləndirmək olar?

- Bu ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında sülh və regional kommunikasiya xətlərinin açılması istiqamətində əldə edilən razılaşmalar artıq praktiki müstəvidə öz həllini tapmalıdır. Bununla bağlı artıq ABŞ nümayəndələri Ermənistana səfər edib. Onlar Zəngəzur dəhlizinin (Tramp marşrutu) tikintisi ilə bağlı danışıqlar aparıblar. Amma hələlik Ermənistan tərəfinin müsbət bəyanatları fonunda real addımları nəzərə çarpmır. Vaxtilə rəsmi İrəvan sülh danışıqları və digər mövzularda sadəcə olaraq, bəyanatlar verməklə prosesi uzatmaqla məşğul olub. Ona görə də yaxşı olardı ki, Ermənistan tərəfi sadəcə bəyanatlar verməklə kifayətlənməyərək, praktiki müstəvidə addımlar atsın.

- Sülh və regional kommunikasiya xətlərinin açılması ilə bağlı Azərbaycanın atdığı praktiki addımlar nədən ibarətdir?

- Azərbaycan tərəfi artıq gələn ilin ortalarına kimi Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsini yəni, Mehriyə qədər olan dəmir yolu xəttinin çəkilişini tam yekunlaşdıracaq. Sözsüz ki, bütün bunların fonunda Azərbaycan Ermənistandan da konkret addımların atılmasını gözləyir. Çünki erməni tərəfi sülh istiqamətində bəyanatlar versə də, praktiki addımlar yoxdur. Faktiki olaraq, Ermənistan tərəfi Azərbaycanla yekun sülhlə bağlı əsas tələblərini bilir.

- Gələn ilin Ermənistanda keçiriləcək parlament seçkiləri bəhanəsı ilə sülh prosesinin yubanacağına dair iddialar səslənir…

- İrəvan təmsilçiləri gələn il seçkilərin keçiriləcəyini elan ediblər. Onlar həmçinin parlament seçkiləri ilə yanaşı, referenduma dair səsvermə də təşkil ediləcəyini iddia edirlər. Çünki Ermənistanın indiki konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar mövcuddur ki, bu da məhz referendum yolu ilə aradan qaldırılmalıdır. Sözsüz ki, erməni tərəfi bu məsələləri həll etməlidir. Bundan sonra prosesləri manipulyasiya etmək, danışıqlar xatirinə müzakirələr aparalıcaqsa, bu özlərinə ziyan olacaq. Hər halda Ermənistanın Baş naziri Nikol Paşinyan, eyni zamanda xarici işlər naziri də bəyan ediblər ki, sülh və kommunikasiyaların açılması onlar üçün də faydalı olacaq.