BAKI, 13 noyabr. TELEQRAF
"Millət olaraq dərin kədər və hüzn içində olduğumuz bu günlərdə, Cümhuriyyətimizin 42-ci ildönümü münasibətilə bir araya gəlmişik. Rəsmi qəbula qatıldığınız üçün siz dəyərli qonaqlarımıza dövlətimiz adından təşəkkür edir, hər birinizə “xoş gəlmisiniz” deyirəm".
Teleqraf xəbər verir ki, bunu
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) yaradılmasının 42-ci ildönümü münasibətilə keçirilən tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı Təmsilçiliyinin rəhbəri Ufuk Arca Turganer deyib.
"2025-ci il noyabrın 11-də Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğraması nəticəsində şəhid olan igid əsgərlərimizə öz adımdan və Kipr Türk xalqı adından Allahdan rəhmət diləyir, kədərli ailələrinə, Türkiyə Silahlı Qüvvələrinə və əziz millətimizə başsağlığı və səbir arzulayıram.
Kipr Türk xalqının azadlıq və varlıq mübarizəsinin ən mənalı bəhrəsi, suverenliyimizin və müstəqilliyimizin ən qüvvətli ifadəsi olan Şimali Kipr Türk Cümhuriyyətinin quruluşunun 42-ci ildönümünü hər il olduğu kimi bu il də qardaş Azərbaycan torpağında siz dəyərli qonaqlarımızla birlikdə qeyd etməyin qürurunu yaşayırıq.
Başda ana vətənimiz Türkiyə Cümhuriyyətinin qurucusu Ulu Öndər Qazi Mustafa Kamal Atatürk olmaqla, Kipr Türk xalqının azadlıq və müstəqillik mübarizəsinin lideri Dr. Fazıl Küçükü, qurucu prezidentimiz Rauf Raif Denktaşı, eləcə də bu müqəddəs yolda qəhrəmanlıqla döyüşən igid Mehmetçik və mücahidlərimizi rəhmət və minnətlə yad edir, müqəddəs xatirələri qarşısında hörmətlə baş əyirəm. Həyatda olan qazilərimizə isə dərin ehtiram və təşəkkürlərimi bildirirəm.
8 noyabr — Şanlı Qarabağ Zəfərinin 5-ci ildönümündə, ölkə başçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi altında “dəmir yumruq” kimi birləşən qardaş Azərbaycan xalqını və qəhrəman ordusunu Kipr Türk xalqı adından bir daha ürəkdən təbrik edirik. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda fədakarlıqla mübarizə aparan, canını vətən torpağı uğrunda qurban verən bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə sağlamlıq arzulayıram".
Onun sözlərinə görə, türk dünyasının ayrılmaz hissəsi olan Şimali Kipr Türk Cümhuriyyəti ilə qardaş Azərbaycan arasındakı münasibətlər də gündən-günə möhkəmlənir. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, ticarət, turizm və ali təhsil sahələrində əlaqələr sürətlə inkişaf edir. İl ərzində bir çox rəsmi heyətlərimiz Azərbaycanı ziyarət edərək ölkənin potensialını və inkişafını yerində müşahidə etmişlər. Bu yüksəliş, qardaş Azərbaycanın Kipr Türklərinə verdiyi dəstəyin və haqlı davamıza göstərdiyi həmrəyliyin bariz ifadəsidir.
Cənab Prezident İlham Əliyevin “Türk Dünyasından başqa ailəmiz yoxdur” kəlamı bütün Türk dünyası üçün yol xəritəsi olmaqla yanaşı, birliyimizin və həmrəyliyimizin ən qiymətli göstəricisidir. Bu yolda dayanmadan və yorulmadan çalışmaq bizim ən böyük məsuliyyətimizdir.
2024-cü ildə Azərbaycan Milli Məclisi ilə Kuzey Kıbrıs Türk Cümhuriyyəti Məclisi arasında parlamentlərarası dostluq qruplarının yaradılması, cənab Prezident İlham Əliyevin müəyyən etdiyi yol xəritəsinin ən güclü sübutudur. Həmin dostluq qrupları fəaliyyətə başladığı gündən etibarən çox fəal və səmərəli şəkildə işləməkdədir.
Türkiyə Cümhuriyyəti Prezidenti Rəcəb Tayyib Ərdoğan, BMT-nin son üç Baş Assambleyasında olduğu kimi, 80-ci sessiyada da beynəlxalq ictimaiyyəti Kuzey Kıbrıs Türk Cümhuriyyətinin müstəqilliyini tanımağa və bu dövlətlə diplomatik, siyasi və iqtisadi münasibətlər qurmağa çağırıb.
Türk Dünyasının ayrılmaz parçası olan Kuzey Kıbrıs Türk Cümhuriyyəti, Şərqi Aralıq dənizində yerləşən ən cənubdakı Türk dövləti olaraq geosiyasi baxımdan getdikcə daha mühüm rol oynayır. Şərqi Aralıq dənizinin sülh və sabitliyin hökm sürdüyü bir bölgəyə çevrilməsi üçün bütün tərəflərin hüquqa və ədalətə hörmət göstərməsi vacibdir.
Böyük Türk millətinin ayrılmaz parçası olan Kipr Türkləri olaraq, Anavatanımız Türkiyə Cümhuriyyətinin dəstəyi ilə dövlətimizi daha da gücləndirmək əzmindəyik. Anavatanımızın güclü siyasəti və iradəsi, Şərqi Aralıq dənizində və yaşadığımız torpaqlarda qanuni haqlarımızın və mənafelərimizin ən böyük təminatıdır.
Bu duyğu və düşüncələrlə, dövlətimizin təminatı olan Türkiyə Cümhuriyyətinə, Türkiyə Silahlı Qüvvələrinə və Kipr Türk Sülh Qüvvələri Komandanlığına sarsılmaz etimadımı bir daha ifadə edir, Cümhuriyyətimizin 42-ci ildönümündə bizi tək buraxmadığınız üçün hamınıza təşəkkür edirəm", - deyə U. Turganer əlavə edib.