BAKI, 3 oktyabr. TELEQRAF

"Ermənistan tərəfinin "Zəngəzur dəhlizi" terminologiyasından narahatlığı başadüşülən deyil. Faktiki olaraq, 8 avqustda Vaşinqtonda əldə edilən razılaşma ilə Azərbaycanın bu tarixi bölgəsindən keçəcək marşrutla bağlı razılaşma əldə edilib. Bu “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) adlansa da, Zəngəzurdan keçən bir yoldur. Ona görə də erməni tərəfi bu ifadənin daha çox işlədilməsinə öyrəşməlidir".

Bu sözləri Teleqraf-a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.

Onun fikrincə, erməni tərəfi mümkün qədər Zəngəzur sözündən uzaqlaşmaq istəyir: “Amma yaddan çıxartmaq olmaz ki, tarixi Azərbaycan torpaqlarının bir hissəsi olan Zəngəzur qədimdən belə adlanıb. Erməni tərəfi həmin adın beynəlxalq müstəvidə daha çox işlənməsində narahat olur. Amma onların nə deməsindən asılı olmayaraq, Zəngəzur dəhlizi açılacaq və Azərbaycan qarşıya qoyduğu məqsədə nail olacaq”.

Arif Rəhimzadə Qarabağ erməniləri ilə bağlı bu yaxınlarda AŞPA-da Ermənistanın Baş naziri Nikol Paşinyana ünvanlanan suala da birmənalı cavab verdiyini söyləyib: “Çoxları bu məsələ ilə Qərbi azərbaycanlıların öz ata-baba torpaqlarına geri dönüşü arasında paralellik aparır. Əslində bu tamamilə əsaslı bir yanaşmadır. Doğrudan da Qarabağ ermənilərinin geri qayıdışı məsələsi qaldırılarsa, buna adekvat olaraq Qərbi azərbaycanlıların da öz yurdlarına geri dönüşü məsələsi qoyula bilər. Erməni tərəfi isə bunu qətiyyən istəmir. Çünki azərbaycanlıların geri dönüşü ilə onlar nələrin baş verə biləcəyini yəqin edirlər. Demək olar, bu zaman Ermənistanın böyük bir hissəsi ləğv olunur”.

“Ermənilərin son zamanlar regional kommunikasiya xəttlərinin açılmasına dair açıqlamları da diqqətdən yayına bilməz. Faktiki olaraq, bu gün Ermənistan blokada vəziyyətindədir. Yeganə gediş-gəliş Gürcüstan və İran istiqamətindədir. Bu da onlar üçün əlverişli deyil. Ona görə də Zəngəzur dəhlizinin açılması onlar üçün faydalı olacaq”, - deyə şura sədri əlavə edib.