BAKI, 23 sentyabr. TELEQRAF
"Azərbaycanla Ermənistan arasında sülh müstəvisində əldə edilən razılaşmalara uyğun olaraq proseslər davam edir. Sözsüz ki, sülh prosesinə kənar təsirlər var idi. Avropanın bəzi ölkələri buna qarşı çıxırdı. Qonşu ölkələrdən də bu məsələ ilə bağlı əks arqumentlər səslənirdi. Amma bunlar rəsmi səviyyədə edilən açıqlamlar deyil".
Bu sözləri Teleqraf-a YAP İdarə Heyətinin üzvü və Veteranlar Şurasının sədri Arif Rəhimzadə deyib.
Onun sözlərinə görə bu gün sülh və əməkdaşlığa qarşı çıxanlar bir mərkəzdən idarə olunur: “Onlar verilən “komanda”ları icra edirlər. Bu məqsədlə də ağıllarına gələni danışırlar. Sosial media platformalarında da biz bu kimi çıxışlara rəst gəlirik. Xüsusən də, Rusiyadan bu cür təhdid mesajları səslənir. Bunlar rəsmi dövlət səviyyəsində olmasa da, mövcuddur”.
İdarə heyətinin üzvü bildirib ki, Azərbaycan dövləti düzgün siyasət həyata keçirir: “Ölkəmiz beynəlxalq müstəvidə qəbul edilmiş qaydaları pozmayıb. Bəziləri də bunu gec də olsa anlayıb gərginliyi aradan qaldıracaqlar. Rusiya Dövlət Dumasının bəzi deputatları ağıllarını başlarına yığıb qərar versələr daha yaxşı olar. Ola bilsin ki, onlara hansısa “komanda” gəlib. Amma bu, o demək deyil ki, həmin mövqelər cavabsız qalacaqdır və sair”.
Arif Rəhimzadə hesab edir ki, Azərbaycanla Rusiya arasındakı gərginlik müəyyən vaxtdan sonra aradan qaldırılacaq: “Ona görə də bəzi qüvvələr reallığa uyğun hərəkət etməlidir. Çünki bəziləri indi Azərbaycanla Ermənistan arasındakı sülh prosesini pozmaq üçün fərqli “taktika”ya əl atır. Bu “işdə” Ermənistandakı revanşistlərin keçmiş hərbi cinayətkarlardan maksimum dərəcədə yararlanmaq niyyətləri də gizli deyil. Rusiyanın əsas niyyəti odur ki, onun ətrafındakılar ona “bəli, baş üstə desinlər”. Azərbaycanın müstəqil siyasət yürütməsi Kremli çox narahat edir və qıcıqlandırır. Hazırkı Ermənistan rəhbərliyinin də yürütdüyü siyasət Moskvada qıcıq yaradır. İndi kremldəkilər deyirlər ki, “bu necə olur? Bu günə qədər sizə mən rəhbərlik etmişəm indi müstəqil olubsunuz?" Amma bu yanaşmaların vaxtı çoxdan keçib. Gec-tez onlar da reallığı başa düşəcəklər”.