BAKI, 5 sentyabr. TELEQRAF
“Bakı” Politoloqlar Klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Zaur bəy, Azərbaycanla Ermənistan arasında sülh istiqamətində atılan addımlar ümumilikdə bölgənin gələcəyi üçün nə vəd edir?
- Azərbaycanla Ermənistan arasında 8 avqustda Vaşinqtonda əldə edilən saziş mühüm tarixi anlaşmadır. İlk dəfə olaraq tərəflər sülh mətninə imza atdı. Bu mətndə iki ölkə arasında olan münasibətlərin gələcəyi və digər məsələlərlə bağlı gözləntilər yer alıb. Faktiki olaraq, bu sülh müqaviləsinin paraflanmış variantıdır. Amma bu yekun sülh sazişi deyil. Çünki Azərbaycanın fundamental razılaşma ilə bağlı daha bir tələbi Ermənistan konstitusiyasından ərazi iddialarını ehtiva edən müddəaların çıxarılması ilə bağlıdır. Artıq erməni tərəfi Qarabağı Azərbaycanın daxili məsələsi olduğunu etiraf etdi. Bununla da rəsmi İrəvan Azərbaycana qarşı heç bir ərazi iddiası olmadığını qeyd edir. Eyni zamanda Zəngəzur dəhlizinin açılmasına da erməni tərəfi özünün razılığını bildirir. Bu artıq irəliyə doğru atılan addımdır. Bu istiqamətdə vaxt da çox düzgün seçilib. Bölgə ətrafında davam edən müharibələr fonunda ATƏT-in Minsk qrupunun ləğv edilməsi və Ermənistan hökumətinin Qarabağla bağlı öz fikrini hüquqi sənəddə təsdiq etməsi önəmlidir. Çünki bundan sonrakı proseslər Ermənistanda revanşist qüvvəllərin canlanması ilə nəticələnəcəkdi.

- Revanşistlər sülh prosesinə necə mane ola bilərdi?
- Sentyabrın 2-də İrəvanda keçmiş qondarma rejimin il dönümü münasibətilə keçirilmiş nümayişdə Ermənistanın bəzi müxalifət nümayəndələrinin, özünü qondarma respublikanının prezidenti adlandıran şəxsin və onun ətrafındakıların bəyanatını diqqətdən qaçırmaq olmaz. Eyni zamanda erməni katolikosunun bəyanatları nəzərdən yayınmayıb. Çünki bu bəyanatlarda bir koordinasiyanın olduğu hiss edilirdi.
- Bunu daha çox nədə görmək olar?
- Onların iddialarına görə Qarabağ mövzusu hələ bağlanmayıb. Vaşinqton sazişinin Azərbaycanın Ermənistana təzyiqi nəticəsində baş tutduğunu iddia edirlər. Guya Ermənistana təzyiq və diktə şəraitində qəbul edilən və imzalanan saziş qeyri-legitimdir. Səsləndirdikləri absurd iddialara görə, hazırda bölgə ətrafındakı konfiqurasiya ermənilərin Qarabağa qayıdışını və öz “müqəddərat”ını təyin etməyə imkan vermir. “Ümid”ləri də odur ki, gələcəkdə geosiyasi proseslər dəyişən kimi yenidən Qarabağ ermənilərinin geri qayıdışı və “müstəqilliyi” təmin edilməlidir. Bu mənada revanşistlər Nikol Paşinyan hökumətini ermənilərin maraqlarını satmaqda ittiham edirlər.

- Bu halda kənardan Paşinyan komandası üçün hansısa təzyiqlər gözlənilirmi?
- Sözsüz ki, kənardan və Ermənistan daxilindəki qüvvələrin Paşinyana təsiri daha da güclənəcək. Onların əsas çağırışı o olacaq ki, “indiki Ermənistan hökuməti heç də legitim deyil”. İddia edəcəklər ki, Paşinyan hökuməti təzyiq şəraitində müqavilələrə imza atıb, guya burada erməni xalqının rəyi, fikri yoxdur və s. Ona görə də Azərbaycanla münasibətlərə yenidən nəzər salmaq kimi məsələləri gündəmə gətirəcəklər.
- Çıxış yolu nədən ibarətdir?
- İndiki halda Paşinyan hətta parlament seçkiləri günü referendum elan edə bilər. Bununla erməni xalqının Cənubi Qafqaza, Azərbaycana baxış bucağının nədən ibarət olduğu məlum olar. Sözsüz ki, Azərbaycanla Ermənistan arasında imzalanan sənədlər iki hökumət arasında imzalanan razılaşma kimi başa düşülməlidir. Bu dövlətlər arasında imzalanan bir sazişdir. Məhz xalq tərəfindən seçilən hökumət başçısına belə bir hüquq verilib. Yəni, revanşistlərin və Qarabağ separatçılarının əllərində heç bir hüquqi əsası yoxdur.

- Bakı ilə İrəvan arasındakı razılaşmaya qarşı olanların əsas arqumenti nədir?
- Azərbaycanla Ermənistan arasındakı münasibətlərin indiki səviyyəsi bəziləri üçün məqbul deyil. Bəziləri bunu Cənubi Qafqazın onların maraqlarından uzaqlaşması kimi qəbul edirlər. 1918-1920-ci illərdə və 1990-cı illərin əvvəllərində "erməni kartı"ndan istifadə edənlər yenidən bundan yararlanmağa can atır.