BAKI, 7 avqust. TELEQRAF
Azərbaycan Xalq Partiyasının (AXP) sabiq sədri Pənah Hüseyn Teleqraf-a müsahibəsində ABŞ-də Azərbaycan Prezidenti ilə Ermənistanın Baş naziri arasında gözlənilən görüş, sülh və Zəngəzur dəhlizinin açılmasına dair mövzulardan danışıb.
Onunla müsahibəni təqdim edirik.
- Pənah bəy, Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında Vaşinqtonda sabah baş tutacaq görüşlə bağlı müsbət proqnozlar verilir. Əbu-Dabi görüşündən sonra açıqlanan pozitiv bəyanatlar fonunda, sizcə, Amerikadakı müzakirələrin nəticəsi necə olacaq?
- Görüşün nəticəsini bir gündən sonra biləcəyik. Ehtimal olunur ki, sülh sazişinin paraflanması gerçəkləşəcək. Adətən bu sənədlər xarici işlər nazirləri tərəfindən paraflanır. Bu görüşdə də hər iki tərəfdən xarici işlər nazirlərinin iştirakı gözlənilir.
Eyni zamanda tərəflər arasında memorandumun imzalanmasından da söhbət gedir. Amma istənilən halda bu irəliyə doğru atılan ciddi addımdır. Rusiyanın Cənubi Qafqazla bağlı aqressiv, təcavüzkar siyasət nümayiş etdirdiyi bir məqamda bu addım ümumi təhlükəsizliyə, sülhə xidmət edə bilər.

- Vaşinqton görüşündə ATƏT-in Minsk qrupu ilə bağlı hansısa bir qərarın verilməsi gözlənilirmi?
- Minsk qrupunun ləğvi barədə Azərbaycan və Ermənistan tərəfindən birgə müraciətin qəbul edilməsi də istisna deyil.
- Zəngəzur dəhlizinin icarə əsasında açılmasına dair bəyanatlar var. Görüşdə bu mövzuya dair irəliləyişlər əldə edilə bilərmi?
- Özəl şirkətin icarəsi əsasında dəhlizin açılmasının təfərrüatları üzərində işlənməlidir. Dəhliz məsələsi ilə bağlı Azərbaycanın mövqeyi bəllidir. Rəsmi Bakı hesab edir ki, bu daha çox ABŞ və Ermənistana aid bir məsələdir. Hər halda Azərbaycan tərəfinin bu məsələdə loyal yanaşması məsələnin müsbət həllinə razılığı kimi dəyərləndirilə bilər.
ABŞ-nin bu prosesə daxil olması daha çox Zəngəzur dəhlizi ilə bağlıdır. Böyük ehtimalla bu mövzuya dair Vaşinqton görüşünün nəticəsi olaraq üçtərəfli açıqlama veriləcək.

- ABŞ-də iki Cənubi Qafqaz ölkəsinin sülh və regional kommunikasiya xətlərinin açılmasına dair aparacağı müzakirələr, əldə edilə biləcək nəticələrə bu regionda daha çox maraqlı olan tərəflərin reaksiyası necə ola bilər?
- Bu görüş başlamadan şimal qonşumuz olan Rusiya artıq məsələ ilə bağlı reaksiya verib. Azərbaycanın Ukraynaya qaz nəqli edən boru xəttinin Rusiya tərəfindən vurulması, miqrantlara qarşı tətbiq edilən məhdudiyyətlər, bank köçürmələrində yaradılan problemlər, kənd təsərrüfatı mallarına qarşı süni əngəllər Moskvanın münasibətidir.
Cənub qonşumuz İran tərəfindən isə hələlik bu mövzuya dair yalnız bəyanat və açıqlamalar verilir. Xəzər dənizində Rusiya-İran hərbi təlimlərinin keçirilməsi də bu prosesə olan reaksiyadır.

- Rəsmi Bakının Cənubi Qafqazla bağlı əsas strategiyasını necə xarakterizə etmək olar?
- Azərbaycanın mövqeyi Rusiya və İranın bölgədə gərginlik yaratmaq niyyətinə qarşıdır. Bu baxımdan Vaşinqton görüşündə şübhəsiz ki, hansısa addımlar atılacaq. Amma burada fayda və zərər məsələsinə yanaşılsa, sülh və təhlükəsizlik üçün bu addımın müsbət cəhətləri çox olacaq.
Bölgədə olanlara qarşı dirəniş, müqavimət də olmalıdır. Çünki Rusiya və İran bölgədəki məsələlərin həllində maraqlı deyil.