FÜZULİ, 10 iyul. TELEQRAF

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, dünya şöhrətli MTP (Most Traveled People) beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində ilk olaraq Füzuliyə gəliblər. Səyyahlar Füzuli Beynəlxalq Hava Limanı ilə tanış olublar. Qonaqlara Ermənistanın işğal dövründə bu ərazilərdə törətdiyi dağıntılarla bağlı məlumat verilib.

Səyahətçilərə “Böyük qayıdış” dövlət proqramı, eləcə də bərpa işlərinin gedişi barədə ətraflı məlumat verilib.

15 ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edir.

Heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.

Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması, nəhəng quruculuq-bərpa işlərinin nümayişi üçün böyük imkan yaradır. Qeyd edək ki, son 4 il ərzində dünyanın əsas beynəlxalq səyahətçilər klublarının xətti ilə Qarabağ və Şərqi Zəngəzura 13 dəfə beynəlxalq səyahətçilər səfər edib.