ABŞ Dövlət katibi Marko Rubio Xəzər interkonnektorunu tamamlamağın ABŞ və müttəfiqlərin maraqlarına uyğun olduğunu təsdiqləyib.

Teleqraf xəbər verir ki, Dövlət katibi Senatın Xarici Əlaqələr Komitəsi qarşısında ifadə verib.

Senator Stiv Deyns Türkmənistanın Azərbaycana, daha sonra Avropadakı interkonnektora qoşulması üçün 20 mil uzunluğunda qaz kəmərinin kifayət etdiyini deyib. O, Türkmənistanın Rusiya, Çin və İranla əhatə olunduğunu nəzərə alaraq, rəsmi Vaşinqtonun bu ölkədən təbii qazının Azərbaycan vasitəsilə Avropaya nəqli üçün Transxəzər qaz kəmərinin tikintisinin tamamlanması imkanını necə qiymətləndirdiyini və bu interkonnektoru tamamlamağın ABŞ-nin marağında olub-olmadığını Marko Rubiodan soruşub.

“Düşünürəm ki, bəli. Mən bu 20 mil ilə bağlı mütəxəssis deyiləm, amma şübhəsiz ki, sizin arqumentinizdən, irəli sürdüyünüz yoldan bunun dünyada böyük əhəmiyyət kəsb etdiyini görə bilirəm”, - ABŞ Dövlət katibi cavabında bildirib.

Rubionun sözlərinə görə, ABŞ xüsusilə də, dünyada enerji təhlükəsizliyi ilə bağlı mövcud vəziyyət kontekstində, bu layihəni müsbət qiymətləndirir. O əlavə edib ki, xarici yardımın azaldılmasına baxmayaraq, bu cür layihələr üçün vəsaitlər səfirliklər və regional ofislər vasitəsilə ayrılmağa davam edir.