BAKI, 15 may. TELEQRAF
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə Baş Prokurorluğun, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının məsul şəxslərinin iştirakı ilə əməliyyat müşavirəsi keçirilib.
Teleqraf xəbər verir ki, Kamran Əliyev bir neçə istiqamət üzrə tapşırıqlar verib.
O, çıxışı zamanı qeyd edib ki, prokurorluq orqanları tərəfindən dövlətin təhlükəsizliyinə qəsd edən cinayətlərə qarşı mübarizə bundan sonra da gücləndirilməli, cinayətkarlığın bütün növlərinə qarşı mübarizə sahəsində və qanunçuluğun qorunmasında digər hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyət davam etdirilməlidir.
Baş prokuror prokurorluğun qanunla müəyyən edilmiş fəaliyyət istiqamətləri üzrə, o cümlədən prosessual rəhbərlik və prosessual nəzarət, ibtidai araşdırmanın keyfiyyətinin və tezliyinin artırılması, qətimkan tədbirlərinin seçilməsi, dövlət ittihamının müdafiəsi, vətəndaşların müraciətlərinə baxılması sahəsində işin səmərəliliyinin artırılması istiqamətində konkret göstərişlər verib.