BAKI, 12 may. TELEQRAF

“Separatçı terror təşkilatının tərksilah və özünü ləğv etmək qərarını elan eləməsi Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə həyata keçirilən "Terrorsuz Türkiyə" prosesinin mühüm bir mərhələsini daha da güclənərək keçdiyinin açıq əlamətidir".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun deyib.

"Türkiyə 40 ildən artıq bir müddətdə bu mərhələyə gələnə qədər çoxsaylı qurbanlar verib, çətinliklər yaşayıb, ən önəmlisi, övladlarını vətən uğrunda şəhid edib.

Bugünkü vəziyyətə gəlməkdə zəhməti müqayisəyəgəlməz dərəcədə böyük olan əziz şəhidlərimizin hər birini rəhmət və minnətlə yad edirik.

Şübhəsiz ki, "Terrorsuz Türkiyə" prosesi nə dünəndən bu günə qədər davam edən qısa müddətli və səthi bir prosesdir, nə də bugündən sabaha tez bir zamanda tamamlanacaq bir işdir. Gözəl ölkəmiz Türkiyənin və əziz millətimizin terror, zorakılıq və xaosdan uzaq, əmin-amanlıq, sülh və sabitliyin hökm sürdüyü bir mühitin qurulması üçün Türkiyə Respublikası dövləti biliyi, potensialı və təcrübəsi ilə çalışmaqda davam edəcək.

Sözügedən prosesin sağlam və ardıcıl şəkildə irəliləməsi üçün lazım olan tədbirlər görüləcək, bütün addımlar diqqətlə, şəffaflıq və qətiyyətlə atılacaq. Əziz millətimiz bu prosesdə dövlətimizin, hökumətimizin və Prezidentimizin ortaya qoyduğu siyasi iradənin dəstəkçisi olduğunu hər fürsətdə göstərir. Bu şüarla MHP Başqanı Dövlət Baxçalının çağırışı ilə başlanan, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın iradəsi və liderliyi ilə davam edən, millət və dövlətin əl-ələ verdiyi "Terrorsuz Türkiyə" yürüşümüzün ölkəmiz və bölgəmiz üçün xeyirli olmasını arzulayıram", - deyə F.Altun qeyd edib.