BAKI, 25 noyabr. TELEQRAF
Kəlbəcər rayonunun azad edilməsi Silahlı Qüvvələrin Ali Baş Komandanı Prezident İlham Əliyevin siyasi rəhbərliyi və Vətən Müharibəsində Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatları sayəsində mümkün oldu. Düşmənin işğal etdiyi torpaqların qaytarılması, yalnız müharibə meydanında deyil, həm də diplomatik sahədə Azərbaycanın böyük uğuru sayəsində baş tutdu. Üçtərəfli Bəyanatla Kəlbəcər şəhəri və rayonun 147 yaşayış məntəqəsi azad edilib, bu, Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə və qələbəsinə olan inamın təcəssümüdür.
Bu sözləri Teleqraf-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.
O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyanın imzaladığı bəyanata əsasən, Kəlbəcərin 15 noyabrda Azərbaycana qaytarılması nəzərdə tutulurdu. Lakin Ermənistan tərəfi öz bölmələrini və qanunsuz yerləşdirilmiş birləşmələrini bölgədən çıxarmaq üçün əlavə 10 gün vaxt istədi. Humanizm prinsiplərinə sadiq qalaraq, Azərbaycan Kəlbəcərin qaytarılmasını 25 noyabr tarixinə qədər təxirə salmağa razı oldu. Lakin bunun əvəzində Kəlbəcəri boşaldan qeyri-qanuni sakinlər Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi davranışlarının nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər erməni vandalizminin əyani sübutudur. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır. Və Ermənistan tərəfi törətdiyi bütün cinayətlərə görə mütləq cavab verəcəkdir. 30 ilə yaxın davam edən işğal zamanı digər tarixi ərazilərimizdə olduğu kimi, Kəlbəcərdə də mədəni, dini tarixi irsimizi məhv ediblər. Münaqişədən sonrakı dövrdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bölgədəki dini və tarixi abidələrin vəziyyəti, bərpası və mədəni irsin qorunması xüsusi diqqət mərkəzindədir. Dövlət başçımızın dediyi kimi: “ Qafqaz Albaniyasına (Xəzinədağ (Gəncəsər) və Xudavəng məbədləri ) aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir”.
Komitə sədri bildirib ki, 1993-cü ildə Ermənistan tərəfindən işğal edilən Kəlbəcər rayonu, digər işğala məruz qalmış ərazilərimiz kimi, müharibə cinayətləri nəticəsində dağıdılmışdı:

“İşğal zamanı 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb. İşğal nəticəsində Kəlbəcərin əhalisi respublikanın 56 rayonunun 770 yaşayış məntəqəsində müvəqqəti məskunlaşmağa məcbur oldu. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, yüzlərlə maşın, texnika və s. talan edilmiş, dağıdılmış və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınmışdır. Artıq 6 ildir ki, Kəlbəcər Qarabağ və Şərqi Zəngəzurun digər əraziləri kimi yenidən qurulur. Azərbaycan Prezidenti İlham Əliyevin 31 iyul 2023-cü il tarixli sərəncamına əsasən, Kəlbəcər Şəhər Günü 25 noyabrda qeyd olunur. İşğaldan azad olunduqdan sonra, Kəlbəcər torpaqlarında bərpa və quruculuq işləri sürətlə həyata keçirilməyə başlanıb. Bu gün Kəlbəcər, yalnız ərazi baxımından deyil, həm də infrastruktur və sosial sahələrdə yenidən inkişaf edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən layihələr, regionun sosial və iqtisadi həyatını yenidən canlandırmaq məqsədini daşıyır. 2024 və 2025- Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə səfərləri zamanı şəhərə köçən sakinlərlə görüşərək onlara yeni mənzillərin açarlarını təqdim etməsi xüsusi tarixi önəm kəsb edir”.
Hicran Hüseynova vurğulayıb ki, 2020-ci il noyabrın 25-də, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun əzmi və qətiyyəti ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi, daha bir tarixi qələbənin müjdəçisi oldu:
“Bu gün Kəlbəcərdə dalğalanan üçrəngli bayrağımız, Azərbaycan xalqının qürurunu və azadlıq mücadiləsini simvolizə edir. 25 noyabr – Kəlbəcər şəhəri günü təkcə rayonun işğaldan azad olunma tarixi deyil, həm də xalqımızın sarsılmaz iradəsinin, dövlətimizin iqtisadi və siyasi qüdrətinin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli liderliyinin təntənəsidir”.