BAKI, 26 noyabr. TELEQRAF

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının və Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər Cənubi Qafqazın geosiyasi mənzərəsini köklü şəkildə dəyişdirdi. Müzəffər Ali Baş Komandan, Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyünün, 2023-cü ilin sentyabrında dövlət suverenliyinin tam bərpa edilməsi regionda yeni siyasi, iqtisadi və strateji münasibətlərin formalaşmasına yol açdı.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, Azərbaycanın hərbi müstəvidə əldə etdiyi nəticələr postmüharibə dövründə həyata keçirilən diplomatik siyasətin əsasını təşkil etdi:

“Ölkəmizin irəli sürdüyü sülh təşəbbüsləri, regional kommunikasiyaların açılması, dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmət prinsipləri Cənubi Qafqazın yeni inkişaf gündəliyinin mühüm istiqamətlərini müəyyənləşdirdi.

Prezident İlham Əliyevin uzaqgörənliyi, qətiyyətli liderliyi və milli maraqlara əsaslanan diplomatik fəaliyyəti Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasında həlledici rol oynadı. Dövlət başçımızın hərbi müstəvidə qazanılan tarixi Zəfəri siyasi və diplomatik uğurlarla möhkəmləndirməsi Azərbaycanın regional proseslərdə strateji mövqeyini daha da gücləndirdi. Ölkəmiz dövlət başçımız Cənab İlham Əliyevin müəyyənləşdirdiyi strateji kurs əsasında Cənubi Qafqazın gələcək inkişaf gündəliyini formalaşdıran, regional sülh, təhlükəsizlik və iqtisadi əməkdaşlıq təşəbbüslərinin müəllifi olan dövlətdir.

2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması, sülh sazişinin mətninin paraflanması və TRIPP layihəsi ilə bağlı razılığın əldə edilməsi postmüharibə dövrünün mühüm diplomatik nəticələrindəndir.

Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında maneəsiz nəqliyyat əlaqəsinin yaradılmasını nəzərdə tutan TRIPP layihəsi regional çərçivəni aşaraq beynəlxalq geoiqtisadi əhəmiyyət kəsb edir. Sözügedən layihənin reallaşdırılması Türk dünyasının nəqliyyat əlaqələrinin genişləndirilməsi, Orta Dəhlizin potensialının artırılması, Avropa ilə Asiya arasında yükdaşımaların şaxələndirilməsi baxımından yeni imkanlar açacaq”.

Deputat vurğulayıb ki, 2026-cı il noyabrın 6-da Azərbaycan, ABŞ və Ermənistan arasında TRIPP layihəsinin icrası üzrə üçtərəfli texniki planlaşdırma qruplarının fəaliyyətə başlaması, noyabrın 12-də Ermənistan parlamentində layihənin həyata keçirilməsi üçün zəruri qanunvericilik dəyişikliklərinin qəbul edilməsi əldə olunan siyasi razılaşmaların praktiki müstəviyə keçdiyini göstərir:

“Sülh prosesinin hüquqi əsaslarının möhkəmləndirilməsi baxımından Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın mövqeyi aydın və prinsipialdır. Ermənistan Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarına hüquqi zəmin yaradan müddəalara son qoyulmalıdır.

Noyabrın 23-də Ermənistanın yeni Konstitusiya layihəsinin ictimaiyyətə təqdim edilməsi və həmin layihədə 1990-cı il Müstəqillik Bəyannaməsinə istinadın çıxarılması bu istiqamətdə atılan mühüm addımdır. Bununla belə, prosesin hüquqi baxımdan tamamlanması yeni Konstitusiyanın qəbul edilməsindən asılıdır.

Azərbaycan və Ermənistan arasında dayanıqlı sülhün təmin edilməsi möhkəm hüquqi əsaslara söykənməlidir. Qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin delimitasiyası, gələcəkdə ərazi iddialarının irəli sürülməsinə hüquqi zəmin yaradan müddəaların aradan qaldırılması regional təhlükəsizliyin başlıca şərtlərindəndir.

Azərbaycan ilə Ermənistan arasında ticarət əlaqələrinin qurulması, Azərbaycan ərazisindən Ermənistana tranzit yüklərin daşınması, enerji və nəqliyyat sahələrində əməkdaşlıq perspektivlərinin müzakirə edilməsi Cənubi Qafqazda münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir”.

Günay Ağamalı hesab edir ki, Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfərin strateji əhəmiyyəti ərazi bütövlüyümüzün bərpası ilə məhdudlaşmır:

“Tarixi Zəfər ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyinə, regional proseslərdə iştirak imkanlarına və iqtisadi əməkdaşlıq perspektivlərinə yeni məzmun qazandırdı.

Qarşıdakı mərhələdə əsas strateji hədəf əldə olunan hərbi, siyasi və diplomatik nəticələrin davamlı sülhə, iqtisadi tərəqqiyə və regional təhlükəsizliyə çevrilməsidir. Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi postmüharibə siyasətinin əsas istiqamətlərindən biri Cənubi Qafqazın qarşıdurma məkanından qarşılıqlı əməkdaşlıq və inkişaf məkanına çevrilməsidir”.